Modern.az

Hərbi ekspert “helikopter videosu”na etiraz edənləri qınadı: “Burda heç bir dövlət sirri yoxdur”

Hərbi ekspert “helikopter videosu”na etiraz edənləri qınadı: “Burda heç bir dövlət sirri yoxdur”

Təhsil

15 Noyabr 2014, 12:22


Azərbaycan Silahlı Qüvvələrinin keçmiş zabiti, hərbi ekspert Üzeyir Cəfərov noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində, qoşunların təmas xəttində baş vermiş məlum helikopter olayı - Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 vertolyotunun vurulması hadisəsi ilə bağlı müzakirələri şərh edib.
Modern.az saytının məlumatına görə, Ü.Cəfərov bu olayı 1994-cü ilin mayın 12-də tərəflər arasında imzalanmış atəşkəs dövründə baş vermiş ən səs-küylü hadisə kimi qiymətləndirib.

“Bu illər ərzində davamlı olaraq işğal olunmuş ərazilərdə, həmçinin təmas xəttinə yaxın mövqelərdə gah hərbi təlimlər keçirən, gah da sırf təxribatçılıq məqsədi daşıyan hərəkətlər gec-tez belə bir hadisəyə gətirməli idi, necə ki, gətirdi. Məhz döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu dəfə daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə həmlələr həyata keçirdi və əsgərlərimiz tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edildi”.

Hərbi ekspert deyir ki, bu hadisə bir daha Ermənistanın işğalçı siyasətinin sübutu kimi təqdim olunmalıdır.
“Belə ki, Ermənistan Silahlı Qüvvələrinə məxsus döyüş helikopteri Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində vurulub. Ermənistan öz işğalçılıq siyasətini davam etdirir. Onu da xüsusi olaraq qeyd etmişik ki, bir neçə gün bundan öncə Ermənistan tərəfi təlimlərlə bağlı bütün dünyaya car çəkirdi ki, onlar misli görünməmiş (?!) hərbi təlimlər keçirirlər. Hər zamankı informasiya müharibəsinin elementləri, hər zamankı blef və yekəxanalıq. Mi-24 helikopterin vurulması onu göstərdi ki, düşmən ölkənin müharibə hazırlığı hansı səviyyədədir və onların bəh-bəh ilə təriflədikləri HHQ və HHM sistemləri nə vəziyyətdədir. Əgər o sistemlər lazımı şəkildə fəaliyyət göstərsəydi, yəqin ki, təmas xəttinə və neytral əraziyə yaxınlaşan öz vertolyotuna ən azından lazım olan xəbərdarlığı edərdilər”.

Ü.Cəfərov bu olayla bağlı mətbuatda və sosial şəbəkələrdə açılan bəzi yersiz, qeyri-peşəkar müzakirələrdən təəsüfləndiyini də vurğulayıb.
“Komandanlığın verdiyi icazə və açılan atəşin, həmçinin sonrakı hərəkətlərin az qala şübhə altına alınması cəhdlərini və bir də, bəzi yersiz, qeyri-peşəkar müzakirələri görəndə, susmaq mümkün deyil... Bir daha qeyd etməyi vacib sayıram ki, düşmən vertolyotunu vuran hərbi qulluqçumuz cavuş İlkin Muradovun hərəkətləri tam qanunidir və onun addımları hüquqi sənədlərə əsaslanır. Mən müdafiə nazirinin, eləcə də, birləşmə bə hərbi hissə komandanlığının verdikləri şifahi və yazılı əmrləri nəzərdə tuturam...
...Hərbi və ya dövlət sirrinə gəldikdə, bununla bağlı Azərbaycanın kifayət qədər xüsusi-xidmət və dövlət orqanları var ki, onlar bu məsələlərə ciddi şəkildə nəzarət edirlər. Bir də, o sirri daşıyanlar gözəl bilirlər ki, onlar dövlət maraqları, milli təhlükəsizliyimizlə bağlı məsələlər olduğuna görə, məsuliyyət necə böyükdür...
...Hamının gördüyü kimi helikopterin vurulma anı mobil telefonla çəkilib, sosial şəbəkələrdə paylaşılıb. Mən də hesab edirəm ki, Müdafiə Nazirliyinin qoyduğu qaydalara son dərəcə ciddi əməl olunmalıdır. Xüsusən də, düşmənlə təmas xətlərində buna ən xırda detallarına kimi diqqət yetirilməlidir. Amma, noyabrın 12-də baş vermiş hadisədə bu videogörüntünün olması Azərbaycan tərəfinə çox böyük kömək oldu. Kimin nə deməsindən asılı olmayaraq, hesab edirəm ki, bəlkə də o video görüntülər olmasaydı, indi onsuz da bu münaqişə ilə bağlı, Azərbaycan xalqının haqq işində olduqca haqsız mövqe tutan böyük dövlətlər - BMT, ATƏT, Avropa Parlamenti və digər sadalamadığım qurumlar bizi sözün məcazi mənasında "yeyərdilər", "parçalayardılar". Və bu görüntü o mühüm dəlil və əşyayi-sübutlardan oldu, hansı ki, sadə el dili ilə desəm, halımıza yetdi. Və bu görüntüyə görə onu edən şəxsi də cəzalandırmaq yox, ən azından ona “çox sağol” demək pis olmazdı. Hadisəni işıqlandıran mətbu orqanları, həmçinin jurnalistləri günahlandırmaq da hesab edirəm düzgün deyil. Nəyin sirr olub, nəyin sirr olmadığını yəqin ki, müvafiq qurumlar yaxşı bilirlər. Bir də, unutmaq lazım deyil ki, indi XXI əsrdir və həqiqətən də bir çox proseslərin qarşısını almaq həddindən artıq çox çətindir. Mən informasiya texnologiyalarını nəzərdə tuturam. Dünya qloballaşıb, hər şey şəffaflaşıb və bu kimi informasiyaların qarşısnı almaq üçün xüsusi bir iş sistemi qurulmalıdır”.

Hərbi ekspert helikopteri vuran cavuş İlkin Muradovla bağlı müzakirələrə, daha doğrusu onun şəkillərinin yayılmasına etiraz edənlərə belə cavab verib:

“Bəziləri deyirlər ki, hərbiçinin şəklini vermək olmaz. Şəxsən mən elə düşünmürəm və doğrusu, bu mənə bir qədər qəribə gəlir. Biz kimdən və nədən qorxmalıyıq? Ona qalsa, bu gün həm 1941-45-ci illərdə almanlarla müharibədə iştrak edən, həmçinin birinci Qarabağ savaşında düşmənə qan udduran oğul və qızlarımız gərək evdən bayıra çıxmasınlar ki?. Bundan əlavə, erməni cəlladlarına sarsıdıcı zərbə vurub, orden və medal alan yüzlərlə canlı əfsanəvi döyüşçülərimiz var ki, onlar sərbəst şəkildə bütün keçmiş SSRİ məkanını, həmçinin xarici ölkələri gəzib dolaşırlar. Ona qalsa, bu gün Qarabağ savaşında xüsusi şücaətlərinə görə sağ olan onlarla Milli Qəhrəmanlarımız var ki, onların sırasında generallar, polkovniklər və sıravi əsgərlər də kifayət qədərdir. Bir də, belə təklifi irəli sürənlər ki, ay erməni onların döyüş vertolyotunu vuran əsgərimizi görər və sairə, vallah, mən belə fikir səsləndirənləri anlaya bilmirəm. Əksinə, biz qəhrəmanlıq göstərən oğul və qızlarımızı elə təqdim və təqdir etməliyik ki, düşmən yanıb-yaxılsın. Bu fikri söyləyənlər, nədən bu yaxınlara qədər bütün ölkə böyu geniş təbliğ etdiyimiz Mubariz İbrahimov, Fərid Əhmədov və onlarla digər hərbçilərimizi yaddan çıxarırlar. Məgər Biləsuvarda Mubariz İbrahimovun ata ocağında qapılarında polis postu qoyulub ki, birdən sabah erməni gəlib qəhrəmanımızın ailəsinə xətər toxundura bilər? Mən belə yanaşmanı əsla başa düşə bilmirəm. Azərbaycan dövləti və dövlətçiliyi o qədər zəifdir ki, oz vətəndaşının təhlükəsizliyini təmis edə bilmir? Xahiş edərdim ki, belə qeyri-ciddi şeyləri başınızdan atın. Mənə ən çox qəribə gələn odur ki, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsindən danışanlar, nədən qəhrəmanlıq edən, öz vəzifə borcuna ləyaqətlə yanaşan əsgərimizi və ya zabitimizi tanımamalıdır? Vallah, mən başqa ölkələrin ordularında fərqlənən əsgərlərin təbliğ olunmasından başqa heç nə görməmişəm. Bəlkə, görən, bilən varsa, desin, bilək. Belə alınır ki, biz hansısa dılğır ermənidən qorxuruq və o qədər acizik ki, onlara zərbə vuran oğullarımızı da göstərməyə, müdafiə etməyə acizik? Olmaz belə. Məni ən çox məyus edən isə, bu haqda son dərəcə hörmət etdiyim şəxslərin yerində olmayan açıqlamaları oldu. Birdən-birə sizə nə oldu, dostlar? Mən onun da tərəfdarı deyiləm ki, öz vəzifə borcunu peşəkarcasına yerinə yetirmiş hərbçimizi həddən çox fərqləndirək. Lazımdır, amma necə deyərlər, qədərincə”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı