
Şəmkir rayonunda səfərdə olan Prezident İlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarının planı, Şəmkirçay magistral suvarma kanallarının sxemi, Şəmkirçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verib.
Prezident İlham Əliyevə Azərbaycandakı mövcud su anbarlarının xəritəsi nümayiş etdirilib.
Dövlət başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışını bildirən düyməni basdı.
Prezident İlham Əliyevə su elektrik stansiyası barədə məlumat verilib. Qeyd edilib ki, stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.
Prezident İlham Əliyev Şəmkirçay su anbarının istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu nəhəng infrastruktur layihəsi ölkə iqtisadiyyatına mühüm töhfədir.
İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində də iştirak edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə “Aqropark” inkişaf konsepsiyası barədə məlumat verib. Bildirilib ki, bu konsepsiya ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.
Məlumat verilib ki, respublikada ilk dəfə Şəmkir rayonunda 543 hektar ərazidə yaradılacaq aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq. “Şəmkir Aqropark”da yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin böyük hissəsi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcək.
Dövlət başçısı aqroparkın təməlini qoyub.
Modern.az