Kürdüstan regional təhbərliyinin ən ali səviyyəli səlahiyyətlilərindən Fuad Hüseyn “İraq Şam İslam Dövləti”nin (İŞİD) sahib olduğu hərbi gücün Qərbin sandığından 7 dəfə çox olduğunu iddia edib.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, Hüseynə görə İŞİD-in ən azı 200 min döyüşçüsü var. “The İndependent”ın təcrübəli Orta Şərq müxbiri Patrik Cocburne verdiyi xüsusi müsahibədə Hüseyn deyib: “Yüz minlərlə döyüşçüdən danışıram, çünki təşkilat ələ keçirdiyi regionlarda gənc ərəb kişiləri silahlandıra bilir”.
Onun sözlərinə görə, təşkilatın eyni anda həm İraqa, həm də Suriyaya hücum etməsi də bu iddianı təsdiqləyir: “Kobanide döyüşürlər. Ötən ay Ramadi və Diyalanın Celevla bölgəsi ilə yanaşı, Kürdüstanda yeddi fərqli nöqtəyə hücum etdilər”. İŞİD-in İraq və Suriyada ələ keçirdiyi ərazilərdəki əhalinin 10 milyon ilə 12 milyon arasında olduğunu deyən Fuad Hüseyn, təşkilatın döyüşçü əldə etməsi üçün geniş bir əraziyə malik olduğunu bildirib.
“Burada həm hərbi, həm də ideoloji əsasları olan bir dövlətdən danışırıq”, - deyən Məsud Bərzaninin sağ qolu bildirib: “Bu, onların hər kəsin silah istifadə etməsini öyrənməsini istədiyi mənasına gəldiyi kimi, hər kəsin ideologiyalarını öyrətdikləri mənasına da gəlir, başqa sözlə desək, beyin yuyurlar”.
Hüseyn sünni ərəblərin böyük bir hissəsinin İŞİD-in varlığı səbəbiylə narahat olduğunu, ancaq təşkilata müqavimət göstərmədiklərini də söyləyib. Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) sentyabr ayında hesabat yayaraq İŞİD-in hərbiçilərinin sayının 20 min ilə 31 min arasında olduğunu açıqlamışdı.
Modern.az