Modern.az

“Müsavatdakı qarşıdurmada indiki rəhbərlik məsuliyyət daşıyır” - Tanınmış müsavatçılar

“Müsavatdakı qarşıdurmada indiki rəhbərlik məsuliyyət daşıyır” - Tanınmış müsavatçılar

Təhsil

18 Noyabr 2014, 14:07



Sentyabr ayında keçirilən qurultaydan sonra Müsavat Partiyasında başlayan qarşıdurma getdikcə bir qədər də gərginləşir. Arif Hacılını yeni başqan kimi qəbul etməyib, növbədənkənar qurultay keçirilməsini tələb edənlər bir-bir partiyadan çıxarılır, yaxud istefa verirlər.
Noyabrın 17-də başqanlığa keçmiş namizəd Səxavət Əlisoy Divandakı müzakirələr nəticəsində Müsavatdan çıxarılıb, buna etiraz edən Əlövsət Talışxanlı ilə Hikmət Hacızadə isə partiyadan istefa veriblər. Bu isə onun göstəricisidir ki, Müsavatda gərginlik daha da artacaq, hətta yeni rəhbərlikdən narazılar hamısı partiyadan ya çıxarılacaq, ya da özləri istefa verib getmək məcburiyyətində qalacaqlar. Bu zaman narazı müsavatçıların yeni partiya yaradacağı da istisna olunmur.

Hüquq müdafiəçisi, Müsavatın tanınmış üzvü Novella Cəfəroğlu Modern.az saytına partiyada baş verən son istefalara münasibət bildirib:

“Hikmət Hacızadənin Müsavat Partiyasından istefa verməsinə çox pis oldum və bu mənə  ağır təsir etdi”.  

Onun fikrincə, Hikmət Hacızadə kimi şəxsiyyəti itirmək Müsavata çox baha başa gələcək: “Əlbəttə, Hikmət Hacızadə və digərlərinin partiyadan istefa verməsi o demək deyil ki, onlar müsavatçı olmayacaqlar. Onlar müsavatçılıq ideyasını ürəklərində daşıyacaqlar. Onlar demokratiyanın bərqərar olmasını səmimi qəlbdən istəyənlərdilər. Lakin partiyadan getmələri mənim üçün böyük zərbədir. Müsavat isə 5 nəfər üzvü olsa belə, Müsavat olaraq qalacaq”.

Müsavat Divanının sabiq üzvü Adil Qeybulla  son günlər partiyada baş verən hadisələrə şərh verərkən deyib ki, bu məsələlərdə əsas məsuliyyət siyasi rəhbərliyin üzərinə düşür: “Bu cür proseslər adamı çox narahat edir. Amma hesab edirəm ki, proseslərin bu istiqamətdə inkişafında əsas məsuliyyət partiyanın siyasi rəhbərliyinin üzərinə düşür. Onlar yaranan situasiyanın daha da gərginləşməməsi üçün heç bir çıxış yolu axtarmırlar”.

Onun sözlərinə görə, Müsavat Partiyasında belə hadisələr davam edərsə, Məhəmməd Əmin Rəsulzadənin sələfi olmaq kimi mənəvi haqqını itirəcək:

“Partiyanın  tarixi məsuliyyəti  var. İndi qərar verənlər həm tarixi-siyasi, həm də mənəvi məsuliyyət daşıyırlar. Mənəvi məsuliyyət Müsavatın tarixi ilə bağlıdır. Təşkilatda vəziyyət bu formada davam edəcəksə, onun Rəsulzadənin sələfi olmağa mənəvi haqı qalmayacaq”.

Adil Qeybullanın fikrincə, partiya daxilində yaranan bu gərginliyin qarşısını almaq üçün imkanların tam tükəndiyini hesab etmək də düzgün deyil: “Əgər partiyada gedən mənfi proseslərin qarşısını almaq üçün hansısa tədbirlər düşünülmürsə, yaxud buna həvəs yoxdursa, məsuliyyət onu düşünməyənlərimn üzərinə düşür”.

Məltəm TALIBZADƏ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı