Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc təhsil sahəsində olan problemlərə toxunub:
Modern.az saytı xəbər verir ki, onun fikrincə, yeni nazir təhsil sahəsində islahatlar aparmağa çalışır: “Lakin təəssüflər olsun ki, müəllimlərin əmək haqları, sosial durumları yaxşılaşmayıb. Təklif edirəm ki, TQDK-ya müəllim biliyinin müəyyənləşdirilməsi səlahiyyəti verilsin Amma bu könüllülük prinsipinə əsaslanmalıdır. Bundan sonra 180 min müəllimi attestasiya etməklə onlarla bağlı “peşəkardır, qeyri-peşəkardır” kimi tərəddüdə düşməyəcəyik”.
Zahid Oruc kreditlərdən də şikayətlənib: “Problemli kreditlərin sayı artmaqdadır. Kredit siyasəti vətəndaşı müflis edir.Hökumət kredit siyasətini dəyişməlidir. Dövlət qulluqçularının məcburi sığortasına keçmək lazımdır.Deputatlar 64 min manat həcmində sığortalanırlar. Az qala ölməlyik ki, bu pulu bizə versinlər. Bir də Təklif edirəm ki, Silahlı Qüvvələrə Yardım fondunun adı dəyişdirilib Qarabağa Yardım Fondu adlandırılsın”. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deputat Zahid Oruca zarafatla " Nə edirsiniz edin, amma ölməyə tələsməyin"-deyib.
Aqşin Kərimov