Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ADA Universiteti ilə birgə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Böyük Britaniya mediasında işıqlandırılmasına dair hesabatların təqdimatı” adlı tədbir keçirib. Toplantıda çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iştirakçıları rektor, Xarici İşlər Nazirinin müavini Hafiz Paşayevin adından salamlayaraq bugünkü təqdimatın Şuranın beynəlxalq təşkilatlar və beyin mərkəzləri ilə apardığı uğurlu işin nəticəsi olduğunu bildirib.
Fariz İsmayılzadə Azərbaycan reallıqlarının olduğu şəkildə dünyaya təqdimatının hər zaman prioritet olduğunu, bu baxımdan həyata keçirilən belə layihələrin Qarabağ həqiqətlərinin beynəlxalq aləmə doğru, dürüst şəkildə çatdırılmasında önəmli vasitə olduğunu deyib.
Şura sədri, millət vəkili Azay Quliyev təqdimatın keçirilməsinə verdiyi təşkilati dəstəyə görə rektor Hafiz Paşayevə təşəkkürünü bildirib və bu tədbiri iki qurum arasında uğurlu əməkdaşlığın başlanğıcı adlandırıb. Şuranın müxtəlif xarici QHT-lərin mədəniyyətlərarası dialoq, tolerantlıq, insan hüquqları kimi ümumbəşəri dəyərlərlə bağlı layihələrini dəstəklədiyini qeyd edən Azay Quliyev eyni zamanda Azərbaycanın milli maraqlarının dünyada təbliğinin də daim prioritet mövzu olduğunu vurğulayıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının ölkənin ən böyük və ağrılı problemi olduğunu deyən Şura sədri cənab prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq bir çox mötəbər beynəlxalq təşkilatın milli maraqlarımızı müdafiə edən sənədlər qəbul etməsinə baxmayaraq qarşıda görülməli çox işin olduğunu bildirib. Azay Quliyev Avropa ictimaiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda məlumatlılıq dərəcəsini öyrənmək üçün Şuranın dəstəyi ilə qitənin iki mühüm dövlətinin –Böyük Britaniya və Almaniya mediasının aparıcı orqanları haqda mühüm araşdırmalar aparıldığını bildirib. Avropanın nüfuzlu media və tədqiqat mərkəzlərinin azərbaycanlı QHT partnyorları ilə yaxından əməkdaşlıq əlaqələri qurmasına çalışdıqlarını deyən Şura sədri Britaniyanın Birminqem və Almaniyanın Humbolt Universitetləri ilə bağlı artıq belə uğurlu tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib.
Toplantıda Humbolt Universtetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Eva-Maria Aux “Alman ictimaiyyətinin və mətbuatının Qarabağ münaqişəsinə münasibətdə obyektivlik dərəcəsi” və Böyük Britaniyanın Birminqem Universtetinin “Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi”nin əməkdaşı Dr. Kəmalə İmranlı-Lövün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Britaniya mediası prizmasından” mövzularında apardıqları tədqiqat işlərinin təqdimatını ediblər. Hər iki alim çalışdıqları ölkələrin ictimaiyyətində Qarabağ münaqişəsi haqqında obyektiv məlumat azlığı olduğuna görə bu mövzuya müraciət etdiklərini söyləyərək qeyd ediblər ki, təəssüfki tədqiqat zamanı aparıcı media qurumlarının Qarabağ probleminə birmənalı və obyektiv münasibət bəsləmədiyinin, xüsusi ilə müharibənin aktiv fazası dövründə yalnız Ermənistanın mövqeyini müdafiə edən materialların işıqlandırıldığının şahidi olublar.
Qeyd edək ki, toplantıda yerli QHT-lərin sədrləri və media nümayəndələri də iştirak edib.
Modern.az