“Qubada beynəlxalq hava limanının tikintisi ilə bağlı əhalidən torpaqlar alındı, əraziyə texnika yerləşdirildi, lakin naməlum səbəblərdən bütün texnika oradan çıxarıldı”.
Modern.az saytının məlumatına görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı Qubadan deputat seçilən Yevda Avramov bildirib. O qeyd edib ki, əhali bu vəziyyətdən çaş-baş qalıb:
“Bilmirlər torpağı əkib-becərsinlər, yoxsa ağacları kəssinlər. Hava limanının tikintisi ilə bağlı onlardan torpaqlar alındı. Müəyyən işlər getdi, amma sonradan ərazi boşaldıldı. Söz-söhbətlərə görə, hava limanının tikintisinə Rusiya mane olub. Çünki hava limanı Rusiya ilə sərhədə yerləşəcəkdi. Bu da beynəlxalq konvensiyalara uyğun deyil. Hökümətin bu məsələyə aydınlıq gətirməsini istəyirəm”.
Deputat Qubada kənd yollarının bərbad vəziyyətdə olduğunu da deyib: “Camaatı Quba-Bakı yolu deyil, kəndlərdəki yollarının vəziyyəti maraqlandırır. Əsaslı vəsait qoyuluşlarında kənd yollarına ayrılan pul artırılmalıdır”.
Şamaxı-Quba yolunun çəkilişindən söz açan deputatın fikrincə, bu yol həm də hərbi-strateji məqsədlidir.
Aqşin KƏRİMOV