
ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik cəbhə xəttində vurulan erməni vertolyotuna yaxınlaşmaq üçün əlindən gələni edəcəyini bildirib. Modern.az saytının məlumatına görə, Kasprşik cəbhə xəttində ötən gün keçirilən monitorinqin vertolyot vurulan ərazidə keçirilməməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, ATƏT cəbhə xəttində monitorinq keçiriləcək ərazi üçün öncədən ərizə ilə müraciət olunmalıdır.
“Hərbi vertolyotun düşüdüyü ərazi ilə bağlı arayışın verilmə müddəti gecikdiyi üçün monitorinq Əsgəranda keçirilməli oldu”.
Kasprşik Bakıdakı ATƏT nümayəndəsi ilə danışıqlar apardığını və nümayəndənin vertolyot düşən istiqamətdə vəziyyətin gərgin olduğunu, ATƏT missiyası üçün təhlükəsizlik təminatının olmadığını bildirərk, monitorinq keçirməyin məqsəduyğun olmaması barədə ona məlumat verdiyini deyib. Bununla belə, Kasprşik hərbi vertolyotun düşdüyü əraziyə yaxınlaşmaq üçün bütün səylərindən istifadə edəcəyini bildirib: “Mən vertolyota yaxınlaşmaq üçün bütün səylərimdən istifadə edəcəm”.
O, bu həftə Bakıya səfəri zamanı da məsələni qaldıracağını deyib.
Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçərək mövqelərimizə yaxınlaşan Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 vertolyotu Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub. Nəticədə helikopterlə bilikdə onun 3 nəfərdən ibarət ekipaşı da məhv edilib. Helikopter Azərbaycan ordusunun mövqelərinə yaxın əraziyə düşüb.
Vüqar İsmayılov