Bakının Suraxanı rayonu Əmircan qəsəbəsindəki S.Bəhlulzadə adına Mədəniyyət Sarayında 1957-1982-ci illərdə 95 nəfər tanınmış Azərbaycan ziyalısının (müavin Xudu Məmmədov, üzvlər: Bəxtiyar Vahabzadə, Yusif Məmmədəliyev, Hüseyn Arif və b.) iştirakıyala Milli Azadlıq Qərargahı (MAQ) adlı gizli milli təşkilatın lideri olmuş Oqtay Eldəgəz anılıb.
Tədbirdə 1990-cı illərdən həm də milli tarixi mövzularda məşhur yazar kimi tanınmış Oqtay Eldəgəzin 80 illik yubileyi münasibətilə həyat yoldaşı Rəfiqə Rəfiyevanın ərsəyə gətirdiyi 4 kitabı (““Otuz yeddilər” istintaqı”, “Borcumu ver, Rusiya!”, “Fələstin çoxbucaqlısı”, “Poladdan bir yarpaq” ) oxuculara təqdim edilib.
Müəllifin ““Otuzyeddilər” istintaqı” kitabının ön sözündə qeyd edilir ki, MAQ- ümumxalaq mason qurumu olub. Tədbiri giriş sözü ilə Oqtay Eldəgəzin şagirdi olmuş və kitablarının nəşrində xidmətləri olmuş Əmircan bələdiyyəsinin sədr müavini Fəridə Bünyatova açıb. Milli Elmlər Akademiyasının əməkdaşı Nazim Xəlilov tanınmış ictimai xadimin elmi tədqiqatlarından danışıb.
Mərasimdə 1990-cı ilərdə Oqtay Eldəgəzin yazılarının daha çox dərc olunduğu “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, jurnalist və yazarlar Nizami Nicat, Adil İrşadoğlu, Elçin Məmmədli, Hikmət Əliyev, Sultan Laçın və b. iştirak ediblər. Sovet imperiyasının “çiçəklənən dövrü”ndə milli azadlıq ideyalarının ilk carçılarından olmuş Oqtay Eldəgəzin anım tədbirində siyasi partiya liderlərindən yalnız Vəhdət Partiyasının sədri Tahir Kərimli iştirak edib. O, öz çıxışında MAQ lideri barədə xoş xatirələrini söyləyib, onun xalqımız qarşısındakı xidmətlərindən bəhs edib.

Modern.az