Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədr müavini, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Malaziyada səfərə gedib. Modern.az xəbər verir ki, Kuala Lumpur şəhərində Birləşmiş Malaziya Milli Təşkilatının təşəbbüsü ilə «Birləşmiş dünya: milli quruculuq çağırışları» mövzusunda keçirilən beynəlxalq forumda YAP-ın təmsilçisi olaraq iştirak edən S.Fətəliyeva bu gün “Xalqın artan səs potensialınn reallaşması“ mövzusunda çıxış edib. S.Fətəliyeva ölkəmizin son 10 ildə əldə etdiyi nəaliyyətlərindən, QHT-lərə dövlət dəstəyindən, KİV-lərinə yaradılan şəraitdən, insan haqları sahəsində Milli Fəaliyyət Proqramından, dövlət gənclər və gender siyasətindən söhbət açıb.
S.Fətəliyeva bildirib ki, bu gün Azərbaycan dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formulu kimi təqdim edilir. Onun sözlərinə görə, müstəqillik illərində ölkəmizdə bir çox yeniliklər baş verib. «Azərbaycan 10 il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub. İqtisadi sahədə xeyli irəliləyərək dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir çox nailiyyətlər əldə edib. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institunun inkişaf dövrü başlayıb. Azərbaycan dövləti ölkədə vətəndaş cəmiyyəti institutlarının formalaşmasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi, vətndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi təməli strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Həyata keçirilən rasional və praqmatik siyasi kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının dahada gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi, həmçinin, digər bu kimi tədbirlər demokratikləşmə prosesinin dahab da sürətlənməsini şərtləndirdi»- deyə, S.Fətəliyeva vurğulayıb.
Millət vəkili deyib ki, demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri söz və vicdan azadlığının təmin olunmasından ibarətdir. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilib. Belə ki, mətbuat üzərindən senzura götürülüb, KİV-ə tam sərbəstlik verilib. Hər bir demokratik, plüralistik cəmiyyətdə olduğu kimi Azərbaycanda da siyasi partiyaların mühüm ictimai institutlar olduğunu deyən S.Fətəliyeva qeyd edib ki, bu institutların inkişafını dəstəkləmək güclü dövlət quruculuğunun istiqamətlərindən biridir.
«Bu gün Azərbaycanda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və eləcə də kütləvi informasiya vasitələrinin dövlət tərəfindən maliyyələşdirilməsi prosesi həyata keçirilir. Müstəqillik əldə edildikdən sonra demokratik institutların inkişafı ölkə vətəndaşlarının ictimai-siyasi fəaliyyətə qoşulmasına, bu fəaliyyətdə aktiv iştirak etməsinə şərait yaradıb. Bu özünü siyasi partiyaların yaradılmasında, qeyri-hökumət təşkilatlarının təsis edilməsində, başqaları ilə birləşməkdə, kütləvi toplantıların keçirilməsində, hüquq və azadlıqların məhkəmə təminatında və digər hüquqların əldə olunmasında büruzə verib. Bununla yanaşı həyata keçirilən sosial siyasət, əhalinin rifahının yüksəldilməsinə, sosial müdafiəsinə xidmət etmək ölkəmizdə dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycanda milli inkişaf modelinin əsaslarını sosial dövlət prinsipləri təşkil edir. Bu prinsiplər hər bir vətəndaşın yüksək sosial rifahının təmin ediləməsi kimi ümdə məsələləri əhatə edir. Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.Hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir»- deyə, millət vəkili vurğulayıb.