Modern.az

Sərdar Cəlaloğlu: “Avrasiya İttifaqının ömrünün uzun olacağına inanmıram”

Sərdar Cəlaloğlu: “Avrasiya İttifaqının ömrünün uzun olacağına inanmıram”

Təhsil

24 Noyabr 2014, 14:16


2014-cü ilin may ayında Qazaxıstanın paytaxtı Astanada Rusiya, Qazaxıstan və Belarusun dövlət başçılarının iştirakı ilə Avrasiya İttifaqı yaradılması haqqında müqavilə imzalanıb. Müqavilədə bu ölkələr arasında iqtisadi əməkdaşlıq nəzərdə tutulsa da, əslində bu prosesin arxasında Rusiyanın postsovet məkanında yeni hegemonluq niyyəti gizləndiyi bəllidir.

Avrasiya İttifaqının 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayacağı söylənilir. Maraqlıdır, indiki durumda Rusiyaya qarşı Qərb dövlətlərinin sanksiyalar tətbiq etməsi Avrasiya İttifaqının fəaliyyətinə necə təsir göstərəcək?  

ADP-nin sədri Sərdar Cəlaloğlu Modern.az-a deyib ki, Avrasiya İttifaqının indiki beynəlxalq şərtlərdə doğrudan da başlanğıc məqsədlərə xidmət etməsi inandırıcı deyil:  

“Sadəcə olaraq, Rusiya prezidenti Vladimir Putin öz imicini qorumaq üçün və Rusiya dövlətini   beynəlxalq iğtişaşlara gətirməməsi üçün planlaşdırdığı addımı yarımçıq da olsa, həyata keçirmək istəyir. O həm də MDB kimi formal bir qurum yaratmaq fikrində də ola bilər. İndiki dünya şərtlərində Avrasiya İttifaqının nəzərdə tutulduğu çərçivələrdə iqtisadi birliyə çevrilməsi və birlik daxilində effektli iqtisadi əlaqələr qurmaq çox çətindir. Dünyada iqtisadi böhran davam edir. Böhran demək olar ki, dünyanın bütün iqtisadi məkanlarını əhatə edir. Avrasiya İttifaqına daxil olmaq istəyən ölkələr də bu böhranın episentrində yerləşir”.  

Sərdar Cəlaloğlu qeyd edib ki, bu cür böhran vəziyyətində Avrasiya İttifaqının yaradılması xüsusi bir vəzifə tələb edir: “Ona görə də bu ittifaqın yaradılması üçün ilk növbədə pul lazımdır. İkincisi, bu ittifaqın tərkibinə daxil olan dövlətlər üçün əlavə dotasiyalar, məsələn, Qırğızıstanın sərhədlərini qorumaq üçün 1 milyard dollar pul lazımdır. Rusiya 1 milyard dollar vəsait ayırmalıdır ki, ittifaq daxilində ancaq Qırğızıstanın sərhədlərini qorusun. Rusiyanın indiki imkanları daxilində bu maliyyə vəsaitinin ayrılması qeyri-mümkündür. Ona görə Avrasiya İttifaqı formal olaraq fəaliyyətə başlaya bilər. Mən ümumiyyətlə, Avrasiya İttifaqının uzunömürlülüyünə inanmıram. Çünki bu ittifaqı dünyada gedən ümumi inkişafın əksinə cəhd edilir. Zamana qarşı isə heç kəs çıxa bilməz”.  

Namidə BİNGÖL

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı