Bu il respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak edib. Abituriyentlərdən 1727 nəfəri 600-dən yuxarı bal toplayıb. Yüksək ballılar respublikanın, demək olar bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər. Yüksək nəticə göstərənlər I qrupda 488, II qrupda 435, III qrupda 401, IV qrupda 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə (700 bal) göstərib. Onlardan 5‐i I qrupun, 2‐si II qrupun, 2‐si isə IV qrupun abituriyentləridir.”
Modern.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, prezident təqaüdünə layiq görülən tələbələrin 25 nəfəri Azərbaycan Tibb Universitetinə, 22-si Dövlət İdarəçilik Akademiyasına, 21-i Azərbaycan Diplomatik Akademiyasına, 17-si Bakı Ali Neft Məktəbinə, 10-u Qafqaz Universitetinə, 3-ü Bakı Dövlət Universitetinə daxil olublar. Azərbaycan Dillər, Dövlət İqtisad, Naxçıvan Dövlət universitetlərinin və Dövlət Neft Akademiyasının hərəsinə isə bir nəfər daxil olub.
TQDK sədri deyib ki, ümumilikdə builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 1727 abituriyentin 379 nəfəri, yəni rekordçuların 21,98 faizi Azərbaycan Tibb Universitetinə daxil olub. Bu sırada sonrakı yerləri 13,17 faizlə Bakı Dövlət Universiteti, 12,30 faizlə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, 11,66 faizlə Azərbaycan Diplomatiya Akademiyası və digər ali məktəblər tutur. Bu il 600-dən yuxarı bal toplayanlar sırasında mülki ali təhsil müəssisələri ilə yanaşı, xüsusi təyinatlı ali təhsil müəssisələrinə daxil olanlar da var. Belə ki, TQDK-nın təşkil etdiyi sonuncu imtahanlarda 600 və daha çox bal toplayan 1727 abituriyentdən 35 nəfəri (yüksək ballıların 2,03 faizi) xüsusi təyinatlı ali təhsil müəssisələrinə, 5 nəfəri (yüksək ballıların 0,29 faizi) isə Türkiyə universitetlərinə daxil olub.
Prezident təqaüdçülərinin 50 faizdən çoxu Bakı məktəblərinin məzunlarıdır. Ümumilikdə, bu siyahıda 30 şəhər və rayon məktəblərini bitirən məzunlar yer alıb. İlk “beşlik”də 54 nəfərlə 1-ci yeri Bakı, 2-ci yeri 10 nəfərlə Sumqayıt, 3-cü yeri 4 nəfərlə Bərdə, 4-cü yeri 3 nəfərlə Şəki rayonunun abituriyentləri qərarlaşıb. Bu sıralamada Naxçıvan Muxtar Respublikası, Zaqatala, Biləsuvar, İsmayıllı və Ağdam məktəbləri hər biri 2 nəfərlə 5-ci yeri bölüşürlər.
“TQDK 2014-cü ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclər haqqında məlumatları “Abituriyent” jurnalında dərc edib”
Modern.az məlumat verir ki, bunları da bu gün keçirlən mətbuat konfransında TQDK-nın sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərin ictimaiyyətə tanıdılması, təcrübələrinin öyrənilməsi və yayılması məqsədilə “Abituriyent” jurnalının 11-ci sayını onlara həsr edib. Jurnalda ən yüksək nəticəli tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2014-cü il tarixli sərəncamı, TQDK-nın sədri Məleykə Abbaszadənin təbrik və tövsiyələri, Prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunmuşdur. Jurnalda həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilib.
Məltəm TALIBZADƏ