Türkiyədəki Azərbaycan diaspor təşkilatları Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı bəyanat yayıb. Bu barədə Modern.az-a Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Türkiyədəki Azərbaycan diaspor təşkilatları bəyanat yayaraq Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə prosesinə etiraz ediblər. Bəyanatda qeyd edilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev guya sərhədləri pozmaqda ittiham olunaraq heç bir hüquqi əsası olmayan uydurma məhkəmə prosesi aparılır. Halbuki Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürüldüyü torpaqlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazisidir.
Türkiyədəki Azərbaycan diaspor təşkilatları bildirir ki, bu torpaqlarda doğulan, böyüyən Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənov Ermənistanın işğal siyasəti nəticəsində öz yurdundan zorla çıxarılan Azərbaycan vətəndaşlarıdır: “Kəlbəcər ərazisində onların dədə-babaları uyuyur. Öz doğma torpaqlarına yaxınlarının məzarlarını ziyarət etməyə, bir vaxtlar yaşadıqları kəndi görmək ümidi ilə gediblər. Onların heç bir gizli planı və təxribatçı niyyəti olmayıb. Onlar doğulduqları torpaqların həsrəti ilə Ermənistanın işğalı altında saxladığı ərazilərə keçərkən girov götürülüb”.
Bəyanatda Ermənistan tərəfinin girovlarla qəddarcasına rəftarı da vurğulanır. Bildirilir ki, Ermənistan azərbaycanlı Həsən Həsənovu işgəncələrə məruz qoyaraq vəhşicəsinə qətlə yetirib. Digər girovlar da mənəvi, fiziki işgəncələrə məruz qalır.
Diaspor təşkilatları bu bəyanatla dünya ictimaiyyətini baş verənlərə biganə qalmamağa çağırır: “Dünya Ermənistanın bu işğalçı siyasətinə “dur” deməli və azərbaycanlı girovların tezliklə azad edilməsi üçün lazımlı addımları atmalıdır”.
Bəyanat Türkiyədə fəaliyyət göstərən TADEF – Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Kocaeli Azərbaycan Evi Dərnəyi, Derince Azərbaycan Evi Dərnəyi, Gebze Azərbaycanlılar Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi, Adana Azərbaycan Kültür ve Dayanışma Dərnəyi daxil olmaqla 15 təşkilatın adından yayılıb.
Gülşən RAUFQIZI