
Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, 2015-ci il martın 1-dən Bakıda ictimai nəqliyyatda gediş haqqının nağdsız ödənişi sisteminə keçid gerçəkləşəcək. Yəni kart sistemi tam olaraq tətbiq olunacaq. Nazir müavini jurnalistlərə açıqlamasında deyib ki, Nəqliyyat Nazirliyi bunun üçün bütün lazımi işləri görür.
"Biz martın 1-nə kimi gediş haqqının nağdsız ödənişinə keçilməsi üzərində çalışırıq, lakin mən tam əminliklə deyə bilərəm ki, Bakıda birinci Avropa Oyunlarının keçirilməsinə qədər ictimai nəqliyyatda elektron ödəniş sistemi tətbiq olunacaq".
Nazir müavini daha bir maraqlı açıqlama verib. Onun sözlərinə görə, ictimai nəqliyyatda yeni ödəniş sistemi Bakı Metropolitenində gediş haqqının ödənişi sistemi ilə və gələcəkdə ictimai nəqliyyatın bütün növləri ilə birləşdiriləcək: "Nəqliyyat kartları ilə yanaşı, gediş haqqının bank kartları ilə ödənilməsi də mümkün olacaq ki, hazırda bununla bağlı iş aparırıq".
Gülşən Raufqızı