
Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Den-Tv kanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi fikirlər səsləndirib. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı hərbi qüvvələr yüksəkliklərə nəzarət edir. Azərbaycan tərəfi hansısa irəliləyişə nail olmağa cəhd edərsə, böyük itki verə bilər. Politoloq Qabil Hüseynli Modern.az saytına açıqlamasında deyib ki, rusiyalı deputat Konstantin Zatulinin çıxışında ciddi hədə-qorxu elementi var: “Açıq-aşkar bildirmək istəyirlər ki, Rusiya Dağlıq Qarabağ məsələsində Ermənistanın tərəfini tutur. Azərbaycan müharibəyə başlayacağı təqdirdə Rusiya Silahlı Qüvvələri ilə üz-üzə dayanacaq. Ona görə də Azərbaycan Rusiyanın addımı mütləq nəzərə almalıdır. Bu, çox təhlükəli tendensiyadır. Düzdür, Zatulin Rusiyanın siyasi elitasında böyük mövqe tutmasa da, hər halda o, elitasının fikrini ifadə etmək imkanlarına malikdir. Bu isə onu göstərir ki, son günlərdə Rusiyanın Dağlıq Qarabağla bağlı münasibətində yenə də kəskin dəyişikliklər yaranıb. Bu dəyişikliklər Azərbaycanın xeyrinə deyil. Bu nöqteyi-nəzərdən biz bu məsələdə Rusiya amilini qabartmağa davam etməkdən çəkinməliyik və Qərblə münasibətləri möhkəmləndirməyə doğru yönəlməliyik”.
“Rusiyanın Qərbin hədəfinə alınması Cənubi Qafqazda rəsmi Moskvanın münaqişə ocağını qızışdırmasına səbəb ola bilərmi” sualına politoloq belə cavab verib: “Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsinə görə, Rusiya Cənubi Qafqazda münaqişəni qızışdıra bilməz. Zənnimcə, biz də müəyyən qızışdırıcı hərəkətlərə reaksiya verməməliyik. Çünki Rusiya getdikcə zəifləyir və sanksiyaların yeni dalğası hazırlanır. Rusiya elə hala düşə bilər ki, Cənubi Qafqazda gedən proseslərə müdaxilə edə bilməz. Deməli, zaman Azərbaycanın xeyrinə işləyir. Azərbaycan müəyyən qədər səbr etməli və gözləməlidir”.
Zatulinin Dağlıq Qarabağla bağlı çıxışının Rusiya hakimiyyəti ilə bağlılığına gəlincə, politoloq bunu istisna etmir: “Zatulinin fikirlərində Rusiya dövləti ilə bağlılıq var. Çünki Rusiya avtoritar dövlətdir. Orda bir deputatın özbaşına bu cür qlobal miqyaslı hadisələrlə bağlı fikirlər söyləməsi asan məsələ deyil. Zatulin bu və ya digər formada rəsmi Moskvanın mövqeyini əks etdirir. Ona görə də pərişanlıq doğurur”.
Dağlıq Qarabağda müharibənin yenidən başlanması ehtimalına gəldikdə, Qabil Hüseynlinin sözlərinə görə, irimiqyaslı, yəni bütün cəbhə boyu aparılan və qarşıya məqsədlər qoyulan müharibə ilə təmas xəttində mütəmadi olaraq atəşkəsin pozulması bir-birindən fərqlənir: “İndi baş verənlər atəşkəsin pozulması hallarıdır. Azərbaycanın müdafiə naziri Zakir Həsənovun dediyi kimi Ermənistanın bir gülləsinə 10 güllə ilə cavab verilməlidir, yəni Azərbaycanın indiyə qədər atdığı addımlar təşəbbüsün bizim tərəfimizdə olduğunu və ermənilərin xeyli dərəcədə özünü itirdiyini göstərir. Azərbaycan bu psixoloji üstünlüyü saxlamalıdır və düşmənin hər hansı məkrli niyyətlərinə qarşı cəsarətlə cavab verməlidir. Biz müharibə ritorikasını bir qədər zəiflətməliyik. O səbəbdən ki, bu Qərbdə kimlərinsə xoşuna gəlmir və Rusiyanı da bizə qarşı hiddətləndirir. Amma biz öz işimizi görməli, bunu hədələyici təbliğat vasitəsinə çevirməməliyik”.
Namidə BİNGÖL