Yaradıcı təşkilatlardan media ilə ən az təmasda olanlardan biri də Azərbaycan Rəssamlar İttifaqıdır. Media yaradıcı qurumun daxilində baş verən proseslər, yeniliklər barəsində demək olar ki, məlumatlanmır. Hətta ötən il ittifaqın keçirilən növbəti qurultayından az qala heç kəs xəbər tutmadı.
Qeyd edək ki, həmin qurultayda sədr yenidən xalq rəssamı Fərhad Xəlilov seçilib.
Modern.az ARİ ilə bir neçə dəfə əlaqə saxlayıb oradakı proseslər barədə məlumat almaq istəsə də bu cəhdi uğursuz alınıb. Sədr Fərhad Xəlilov saytın müxbirinə danışmaq imkanı olmadığını əsas gətirərək telefonu söndürüb.
Qurumun özü ilə bir neçə dəfə əlaqə saxlansa da, qaneedici cavablar almaq mümkün olmayıb. Belə ki, İttifaqda mətbuat xidmətinin, media ilə əlaqə yaradacaq şəxsin olub-olmadığı da məlum deyil.
Elmin NURİ