
Milli Məclisin bu günkü plenar iclasında 2015-ci ilin dövlət büdcəsi yenidən müzakirəyə çıxarılıb. Modern.az saytının məlumatına görə, iclasda maliyyə naziri Samir Şərifov çıxış edib. O, irəli sürülən təkliflərin nəzərə alındığını diqqətə çatıdırıb. Samir Şərifov 2015-ci ilin dövlət büdcəsində edilən dəyişikliklərdən söz açıb:
“Deputatların təklifləri nəzərə alınaraq elmə ayrılan xərclərin 8 milyon manat artırılması nəzərdə tutulub. Beləliklə, 2015-ci ildə elm xərcləri 150,5 milyon manata çatacaq. Bu da 2014-cü ilin göstəricisindən 3,6 milyon manat və ya 2,5 % çoxdur.
Siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsaitlə bağlı da danışmaq istəyirəm. 2015-ci ildə Siyasi partiyalara ayrılan vəsait də 250 min manat artırılacaq. Bu məbləğ bu vaxta qədər bölüşdürülməmiş qalırdı.
Müvafiq qanun layihələrinin yaxın zamanlarda Milli Məclisə təqdim olunması gözlənilir”.
Nazir deyib ki, Milli Məclisin büdcəsinə əlavə 450 min manat vəsait ayrılacaq. Bununla da 2015-ci il üçün Milli Məclisin büdcəsi 23 milyon 807 min manat olacaq.
Maliyyə naziri onu da qeyd edib ki, 2014-cü il dövlət büdcəsində QHT –lərə nəzərdə tutulan vəsair əlavə olaraq 50 % artırılıb. Gələn il üçün isə təkliflər nəzərə alaraq, 650 min manat əlavə vəsaitin artırılması qərara alınıb:
“Bələdiyyələrə dotasiya ilə bağlı da təkliflər var idi. Hökümət tərəfindən təhlillər aparılıb. Bələdiyyələrin gəlirlərinin icrası qənaətbəxş deyil. Onların gəlirlərinin icrası 89% olub, amma orta hesabla bunun 50-60% olduğu məlumdur. Ona görə də bələdiyyələrə dövlət büdcəsindən vəsaitlərin ayrılması deyil, gəlirlərin artırılması digər şəraitlərin yaradılması nəzərdə tutulur. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi və icarəyə veriləməsi ilə mümkün olur. Bələdiyyələrə daha yaxşı imkanlar yaradılmalıdır ki, onların gəlirləri artsın. Biz hesab edirik ki, Vergi Məcəlləsindəki dəyişiklik imkan verəcək ki, bələdiyylərin maddi təminatı xeyli güclənsin. Bu yeni dəyişiklik nəticəsində fiziki şəxslərin əmlak vergisindən 40 milyon manat əlavə vəsait daxil olacaq”.
Sonda 2015-ci ilin dövlət büdcəsihaqqında qanun layihəsi səsə qoyularaq qəbul edilib. Büdcə haqqında qanun layihəsinin lehinə 96, əleyhinə isə 3 deputat səs verib.
Aqşin Kərimov