
“Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimov cümə günü səhər saat 11-də işə gələrkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onu naməlum istiqamətdə aparıblar.
Modern.az saytı bildirir ki, bu haqda onun qardaşı Əziz Kərimov radioya məlumat verib.
«Hər səhər dostu ilə görüşüb işə gedir. Bu dəfə evdən çıxanda mülki geyimli şəxslər qardaşımı tutub qara rəngli maşına basıblar. Dostu maşını izləsə də, sürətinə yetişə bilməyib və izini itirib. Hara aparıldığını bilmirik».
Daxili İşlər Nazirliyindən bu haqda məlumatları olmadıqlarını bildiriblər.
Turxan Kərimov sosial şəbəkələrdə özünün aktivliyi ilə seçilir. O, “Turan” agentliyinin mərhum fotoqrafı Elxan Kərimovun oğludur.
***
“Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimov cümə günü səhər saat 11-də işə gələrkən mülki geyimli şəxslər tərəfindən saxlanıldığı və naməlum istiqamətdə aparıldığı barədə xəbər vermişdik.
“Azadlıq” radiosunun digər əməkdaşı Xədicə İsmayıl Turxan Kərimovun artıq azadlıqda olduğunu şəxsi Facebook profilində bildirib.
Modern.az