
Milli Məclisin bu günkü plenar iclasında Avropa siyasi təsisatlarının Azərbaycana qarşı səsləndirdiyi tənqidi bəyanatlar müzakirəyə çıxarılıb. Modern.az saytının məlumatına görə, deputat Zahid Oruc bildirib ki, Avropa Parlamentində Azərbaycana qarşı xüsusi bir lobbi qrupu formalaşır.
Zahid Orucun sözlərinə görə, Avropa Birliyi, Avropa Parlamenti Azərbaycana qarşı qeyri-obyektiv münasibət sərgiləyirlər.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa da həmkarına dəstək verib. O qeyd edib ki, Qarakənd səmasında Azərbaycan dövlət nümayəndələrini aparan helikopterin vurulmasınaın üzərindən o vaxt beynəlxalq təşkilatlar sükutla keçdilər.
Fazil Mustafa Qaraçuxur məscidinin yandırılmasını da pisləyib. O vurğulayıb ki, bu, Azərbaycana qarşı kəşfiyyat məqsədləri daşıyan addımlardır.
“Məscidlərdə təhlükəsizlik təmin olunmalıdır. Orlarada polis postları, kameralar qoyulmalıdır”,-deyə Fazil Mustafa söyləyib.
Deputat Çingiz Qənizadə Avropa Şurasının baş katibi Torbörn Yaqlandın Azərbaycanda yaradılmış İnsan Haqları üzrə İşçi Qrupunu tənqid etməsinə münasibət bildirib.
Spiker Oqtay Əsədov isə deyib ki, Torbörn Yaqland İşçi Qrup fəaliyyətini bərpa edəndən sonra bir həftə müddətində bunu təriflədi: “Sonradan isə necə oldusa, o fikrini də dəyişdi”.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da ABŞ-da polisin qaradərili vətəndaşı, eyni zamanda oyuncaq tapança ilə oynayan uşağı öldürməsini də tənqid edib.
“Yaxşı olar ki, onlar öz daxillərindəki problemlərinə diqqət yetirsinlər. Allah eləməsin, belə hadisələr Azərbaycanda olsaydı, Qərb telekanalları, beynəlxalq təşkilatlar bütün günü bunu tənqid edəcəkdilər”