Milli Məclisin bu günkü plenar iclasında parlamentin yəhudi əsilli deputatı Yevda Abramov Azərbaycandakı tolerantlıqdan, polietnik mədəniyyətdən danışıb. Modern.az saytı xəbər verir ki, deputat Qərb dövlətlərini də Azərbaycandan bu sahədə nümunə götürməyə də çağırıb.
Yevda Abramov deyib ki, Qərb təsisatlarının Azərbaycanda milli azlıqların hüquqlarının pozulması ilə bağlı söylədikləri yalandır. Onun sözlərinə görə, Azərbaycan dövləti bütün milli, etnik və dini azlıqlara bərabər imkanlar yaradıb.
“Azərbaycan prezidenti milli azlıqların dini bayramlarında onlarla görüşür, onları təbrik edir. Prezident hər il Qırmızı Qəsəbəyə gəlib, orada yaşayanm yəhudilərlə görüşür. Obama və digərləri hansısa milli azlıqla görüşürmü?! Görünür ki, beynəlxalq təşkilatlar Azərbaycan prezidentinin liderlik keyfiyətlərindən qorxurlar. Onlar bizim prezidentin siyasəti qarşısında acizdirlər və bizim ölkənin inkişaf tempindən çəkinirlər”.
Sonda Yevda Abramov zarafatyana bir fikir də səsləndirib: “Nə edim ki, Allah məni Abramov yaradıb, əgər Abramoviç yaratsaydı gedib Avropada onların ağzını tikib qayıdardım”.
Aqşin Kərimov