
Ədliyyə naziri Fikrət Məmmədov hüquq müdafiəçilərinin təmsil olunduğu İctimai Komitə üzvlərini qəbul edib. Modern.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, grüşdə nazir Komitənin ədliyyə fəaliyyətində səmərəli ictimai nəzarət mexanizmi kimi mühüm rolunu, qurumun səlahiyyətlərinin, o cümlədən fəaliyyət müddətinin artırılmasını vurğulayaraq, ədliyyənin müxtəlif sahələri üzrə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, müvafiq tövsiyələr verib.
Komitə üzvləri Ədliyyə Nazirliyinin fəaliyyətində aşkarlığa və şəffaflığa xüsusi önəm verilməsini, ictimaiyyət üçün açıqlığını qeyd edərək bu sahədə vətəndaş məmnunluğuna xidmət edən məqsədyönlü islahatların, korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayan müasir işlək mexanizmlərin, o cümlədən məhkumların şərti azadlığa buraxılması institutunun uğurlu tətbiqinin şahidi olduqlarını söyləyib, dövlət orqanları və qeyri-hökumət təşkilatları arasında səmərəli əməkdaşlıq modeli olan İctimai Komitənin nümunəvi fəaliyyətini qeyd ediblər. Həmçinin, penitensiar infrastrukturun müasirləşdirilməsini təqdir edib, məhkumların sosial adaptasiyası tədbirlərində, habelə İctimai Komitənin ədliyyənin ayrı-ayrı istiqamətləri üzrə fəaliyyətdə iştiraka hazır olduqlarını vurğulayıblar.
“Eyni zamanda, komitə üzvləri bəzən problemlərlə rastlaşdıqlarını qeyd ediblər. Belə ki, Bakı İstintaq Təcridxanasına tanınmış həkimlərlə birgə sonuncu başçəkmə zamanı onlar özünü "məzlum" kimi göstərməyə çalışan və səhhəti ətrafında əsassız səs-küy yaratmağa cəhd edən şəxs tərəfindən hörmətsizliyə və təhqirə məruz qaldıqlarını həyəcanla bildiriblər”-deyə Ədliyyə Nazirliyindən görüşlə bağlı verilən açıqlamada qeyd olunub..
Görüşdə qarşılıqlı fəaliyyətə dair geniş müzakirələr aparılıb, İctimai Komitənin işinin daha da canlandırılması, əməkdaşlığın yeni formaları ilə bağlı təkliflər irəli sürülüb.
Sonda nazir qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim edib və uğurlu fəaliyyət arzulayıb.
Modern.az