Liviyanın keçmiş diktatoru Müəmmar Qəddafinin devrilməsindən 3 ildən artıq keçir. Amma elə o vaxtdan bəri Liviyada sabitlik bərpa olunmur. Bu səbəbdən bu gün neft ölkəsində iki baş nazir, hətta, iki parlament fəaliyyət göstərir. Amma ABŞ və Qərb dünyasını Liviyadakı bu vəziyyətdən daha çox Qəddafinin hələ də yeri bilinməyən milyardları maraqlandırır.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, son ehtimallara görə Qəddafinin gizli milyardları Cənubi Afrika Respublikasında saxlanılır.
CAR mediasında verilən xəbərə görə, Qəddafinin 200 milyard dolları, yüz ton qızılı və dörd milyon karatlıq almasları bu ölkədə gizli bir guşədə saxlanılır. Qəddafinin devrilməsindən qabaq, deyilənə görə, həmin ərazini silahlılar mühafizə edirmiş. Bu, dünyanın ən böyük mirası hesab edilir və CAR-ın paytaxtı Yohannesburqa yaxın olan kəndlərin birində saxlanılır. Bu sərvət Liviyadan Cənubi Afrika Respublikasına 62 təyyarə ilə gətirilib.
Hazırda Amerika və Avropanın bir neçə şirkəti Qəddafinin gizli mirasının axtarışları ilə məşğuldur. Peşəkar xəzinə axtarışları ilə məşğul olan şirkətlərdə köhnə təhlükəsizlik xidmətinin əməkdaşlarından, hərbçilərindən və jurnalistlərdən ibarət olan qruplar çalışır.
Onların əsas məqsədi diktatorların ölkələrindən gizlətdiyi sərvəti aşkar edərək onu həmin dövlətlərin yeni hökumətlərinə təhvil verməkdir. Burada təbii ki, həmin şirkətin də özünün yüksək faizi nəzərə alınır. Liviyadakı iki hökumətdən birini dəstəkləyən Qərb Qəddafinin gizli mirasını həmin hökumət üçün axtardıqlarını bəyan edib ki, bu da siyasi gedişdən başqa bir şey deyil.
Qeyd edək ki, “Xəzinə ovçuları”nın iş metodlarına qarışmaq yerli hökümətlər üçün yasaqdır. Onlar yalnız həmin şirkətlərlə ortaq iş birliyində olub onlara müəyyən mənada yardım edə bilərlər. Bu mənada hazırda hər şey CAR prezidenti Zumadan asılıdır. Çünki paytaxt Yohannesburqdan aralıdakı həmin kəndiin yeddi gizli məntəqəsində miraslar qorunub saxlanılır. Əgər CAR prezidenti kömək edərsə, bu işi müsbət sonluqla nəticələndirmək olar. Məsələnin qəlizliyi də ondadır ki, Zuma ilə Qəddafinin yaxın dostluq münasibətləri olub.
Qəddafinin Yohannesburq ətrafında gizlədilən sərvətinə yiyələnmək istəyənlər təkcə xüsusi şirkətlər deyil. 200 milyardlıq sərvətə həm Liviyanın Qərbyönümlü hökuməti, həm ona alternativ olan hökumət, həm də bu hökumətlərə qarşı cihad edən yerli İslam qruplaşması da sahiblənmək niyyətindədir. Amma peşəkar xəzinə axtaran şirkətlərdən bildirildiyinə görə, o mirasın yalnız 10 faizinə yiyələnmək böyük möcüzə olardı. Çünki Qəddafi devrilən ərəfədə o mirasın yerini bilən adamlar tək-tək aradan götürülüb.
Elmin NURİ