Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.
IV ixtisas qrupu üzrə hər iki mərhələnin nəticələrinin cəminə əsasən,Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının məzunu Tağızadə Samir Hikmət oğlu maksimum - 700 bal toplayıb.
Modern.az saytı maksimum nəticə əldə edən Samir Tağızadə ilə əlaqə saxlayıb və onun təəssüratlarını öyrənib.
Müsahibimiz nəticəsinin onun üçün gözlənilməz olmadığını bildirib. O qeyd edib ki, imtahandan sonra cavablarını ailəsi ilə birlikdə yoxladıqları üçün yüksək nəticə gözləyirdi.
“İmtahandan sonra cavablarımızı evdə yoxlamışdıq. Buna görə də nəticə ilə bağlı elə də şübhəm yox idi. Birinci tur olduğu üçün düşünürdüm ki, 700 bal da toplaya bilərəm. Bu, çox qürurverici hissdir. Həqiqətən də sözlə ifadə etmək mümkün deyil, möhtəşəm bir hissdir”.
Samir Tağızadə ali təhsilini Azərbaycan Tibb Universitetində tibb ixtisası üzrə almağı planlaşdırdığını söyləyib:
"SMS əvvəlcə əvvəlcə telefonuna gəldi. Həmin vaxt hamımız evdə idik. Atam, anam və bacımla birlikdə bu sevincli anı yaşadıq. İlk olaraq xəbəri də mənə atam çatdırdı”.
700 bal toplayan abituriyent gələcək imtahan iştirakçılarına da tövsiyələrini verib. Onun sözlərinə görə, uğurun əsas şərti davamlı çalışmaqla yanaşı, istirahətə də vaxt ayırmağı bacarmaqdır:
“Əziyyət çəkmək, çox çalışmaq lazımdır. Amma hər şey yerində olmalıdır. İstirahət də vacibdir. Çalışmaq lazımdır ki, vaxtı düzgün böləsən. Əsas məsələ çalışmaqla istirahətin yerini bir-birindən ayırmağı bacarmaqdır”.
Hazırlıq prosesindən danışan Samir Tağızadə bildirib ki, dərs və istirahət arasında balans yaratmağa çalışıb:
“Hazırlığım əsasən tapşırıqları yerinə yetirmək və vaxtında dincəlmək üzərində qurulmuşdu. Hər birinin öz vaxtı var idi”.
O, qəbul imtahanına repetitor yanında hazırlaşdığını qeyd edib.