Modern.az

Abituriyentlərin nəzərinə: ən güclü rəqabət iki qrupda olacaq - AÇIQLANDI

Abituriyentlərin nəzərinə: ən güclü rəqabət iki qrupda olacaq - AÇIQLANDI

Təhsil

Bu gün, 11:24

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Bununla da ali təhsil müəssisələrinə qəbul prosesinin ən həlledici mərhələsi sayılan ixtisas seçimi dövrü gündəmə gəlib. Hazırda abituriyentləri və valideynləri ən çox düşündürən məsələlər builki keçid ballarının necə dəyişəcəyi, hansı ixtisaslarda rəqabətin artacağı və seçim zamanı hansı məqamların nəzərə alınmalı olduğudur.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, I və IV ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri builki qəbul prosesində keçid ballarına fərqli təsir göstərəcək.

"IV ixtisas qrupu üzrə maksimal nəticə göstərənlərin çoxluğu bu qrupda rəqabəti daha da gücləndirəcək. Hazırda balların düşməyəcəyini deyə biləcəyim əsas qrup IV ixtisas qrupudur. Digər qruplarda keçid ballarının enməsi ehtimalı var. Lakin IV qrupda, xüsusilə Azərbaycan Tibb Universitetinə qəbul zamanı çox ciddi rəqabət formalaşacaq. Əgər 400 bal toplayanların sayı 15 nəfərdirsə, deməli 690, 680, 670 bal toplayanların sayı da kifayət qədər çox olacaq. Bu da yüksək bal intervalında rəqabəti daha da artıracaq".

Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin rəsmi statistikası açıqlanmadan yekun proqnoz vermək çətin olsa da, builki buraxılış imtahanlarının nisbətən çətin keçməsi bəzi qruplarda keçid ballarının azalmasına səbəb ola bilər.

Onun fikrincə, ən çox dəyişiklik III ixtisas qrupunda müşahidə olunacaq:

"Düşünürəm ki, III qrupda keçid balları enəcək. Hətta hüquq ixtisasının da keçid balının azalacağını ehtimal edirəm. II qrupda da bəzi ixtisaslarda balların düşməsi müşahidə oluna bilər".

R.Nurəliyev bildirib ki, bu il əsas rəqabət yalnız yüksək bal toplayanlar arasında deyil, blok imtahanında 100 bal həddini keçə bilməyən və seçim imkanları məhdud olan abituriyentlər arasında da yaşanacaq.

Onun sözlərinə görə, I, II və III ixtisas qruplarında bu kateqoriyaya aid abituriyentlər üçün rəqabət xüsusilə kəskin olacaq:

"III qrupda blok imtahanında 100 balı keçə bilməyənlərin müraciət edə biləcəyi cəmi üç ixtisas var – sosial iş, muzey, arxiv və abidələrin qorunması, həmçinin regionşünaslıq. Həm ixtisasların, həm də plan yerlərinin az olması bu istiqamətlərdə ciddi rəqabət yaradacaq".

Ekspert abituriyentlərə ixtisas seçimi zamanı yalnız ali təhsil almağı deyil, gələcək məşğulluq imkanlarını da nəzərə almağı tövsiyə edib.

"Aşağı balla perspektivi zəif olan ixtisasları seçməkdənsə, kollec və ya peşə təhsilinə üstünlük vermək daha məqsədəuyğundur. Bu gün elə ixtisaslar var ki, həmin sahəni bitirən məzunlar sonradan öz peşələri üzrə iş tapa bilmirlər. Halbuki kollecdə və ya peşə təhsilində oxuyaraq konkret peşəyə yiyələnən gənclərin əmək bazarında uğur qazanmaq şansı daha yüksəkdir. Üstəlik, subbakalavr dərəcəsi əldə etdikdən sonra gələcəkdə universitetə qəbul olmaq imkanı da qalır".

Ramin Nurəliyev valideynləri və abituriyentləri ixtisas seçərkən yalnız keçid balına deyil, əmək bazarının tələblərinə və gələcək karyera perspektivlərinə də diqqət yetirməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Avqustun 1-nə qədər 1 milyon adam orduya çağırılsın! - Putindən ƏMR