Modern.az

Rayon abituriyentləri qabiliyyət imtahanında geridə qalırlar

Rayon abituriyentləri qabiliyyət imtahanında geridə qalırlar

Təhsil

Bu gün, 17:20

Son illər regionlarda yaşayan abituriyentlərin qabiliyyət imtahanlarına hazırlıq imkanlarının məhdud olması yenidən müzakirə mövzusuna çevrilib.

Təhsil sahələri üzrə ekspert Rizvan Fikrətoğlu Modern.az-a açıqlamasında bildirib ki, bu problem xüsusilə musiqi, incəsənət, memarlıq və digər xüsusi bacarıq tələb edən ixtisaslara qəbul olmaq istəyən gənclərin nəticələrinə birbaşa təsir göstərir.

Ekspertin sözlərinə görə, problemin əsas səbəblərindən biri rayonlarda ixtisaslaşmış müəllimlərin və hazırlıq kurslarının çatışmamasıdır:

"Bir çox rayonlarda qabiliyyət imtahanına hazırlıq keçən mütəxəssislər ümumiyyətlə fəaliyyət göstərmir və ya onların sayı çox məhduddur. Nəticədə abituriyentlər ya öz imkanları hesabına hazırlaşmağa çalışır, ya da əlavə xərc çəkərək böyük şəhərlərə üz tuturlar. Bu isə həm maddi, həm də vaxt baxımından ailələr üçün ciddi yük yaradır".

R.Fikrətoğlu bildirib ki, peşəkar hazırlıq imkanlarının məhdudluğu region abituriyentlərinin imtahan nəticələrində də özünü göstərir:

"Peşəkar istiqamətləndirmə və müntəzəm məşğələlərdən kənarda qalan şagirdlər bacarıqlarını tam inkişaf etdirə bilmir, imtahan formatı ilə kifayət qədər tanış olmur və rəqabətdə geri qalırlar. Halbuki eyni potensiala malik olan bir şagird lazımi dəstək aldığı halda daha yüksək nəticə göstərə bilər".

Ekspert hesab edir ki, bu baxımdan şəhər və rayon məzunları arasında bərabər imkanlardan danışmaq çətindir:

"Böyük şəhərlərdə yaşayan gənclərin müxtəlif hazırlıq kurslarına, təcrübəli müəllimlərə, studiyalara və məşq mərkəzlərinə çıxışı daha genişdir. Regionlarda isə bu imkanlar məhdud olduğundan abituriyentlər eyni yarışa fərqli başlanğıc şərtləri ilə qoşulurlar".

Onun fikrincə, problemin həlli üçün regionlarda qabiliyyət imtahanlarına hazırlıq mərkəzlərinin yaradılması vacibdir:

"İlk növbədə dövlət və ya özəl sektorun dəstəyi ilə regionlarda hazırlıq mərkəzləri yaradılmalıdır. Bununla yanaşı, yüksək keyfiyyətli onlayn hazırlıq proqramları, video dərslər və interaktiv məşğələlərin genişləndirilməsi regionlarda yaşayan şagirdlərin bu imkanlardan yararlanmasını xeyli artırar".

Rizvan Fikrətoğlu əlavə edib ki, müəllimlərin mütəmadi olaraq rayonlara ezam olunması, ustad dərslərinin təşkili və ödənişsiz hazırlıq layihələrinin həyata keçirilməsi də mühüm nəticələr verə bilər.

Ekspert hesab edir ki, qabiliyyət imtahanlarının təşkili ilə bağlı da müəyyən yeniliklərə ehtiyac var:

"İmtahan meyarlarının daha şəffaf şəkildə təqdim olunması, sınaq qabiliyyət imtahanlarının sayının artırılması və hazırlıq materiallarının hamı üçün əlçatan edilməsi abituriyentlərin daha səmərəli hazırlaşmasına kömək edər. Bundan əlavə, regionlarda imtahan öncəsi maarifləndirici seminarların və məsləhət xidmətlərinin təşkili də bərabər imkanların təmin olunmasına ciddi töhfə verə bilər".

Ekspert vurğulayıb ki, regionlarda yaşayan abituriyentlərin qabiliyyət imtahanlarına hazırlıq imkanlarının genişləndirilməsi təhsildə bərabərliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə atılacaq sistemli addımlar istedadlı gənclərin yaşadıqları bölgədən asılı olmayaraq öz potensiallarını reallaşdırmasına şərait yaradacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada