Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, bu gündən etibarən müsabiqənin ilk mərhələsinə start verilib və ilkin seçim hüququ şəhid ailəsi üzvlərinə verilib.
Onun sözlərinə görə, bu mərhələdə 51 nəfər şəhid ailəsi üzvü qarşıdakı 24 saat ərzində vakansiya seçimini həyata keçirəcək:
“Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinin ilk mərhələsinə, yəni şəhid ailəsi üzvləri üçün seçim prosesinə start verilib. Xatırladım ki, burada 51 nəfər şəhid ailəsi üzvü qarşıdakı 24 saat ərzində seçimlərini etməlidir. Bundan sonra həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu vakansiyalar üzrə seçim, daha sonra isə ümumi vakansiya seçimi mərhələsi başlayacaq”.
Ekspert bildirib ki, namizədlərin vakansiya seçimi zamanı ən çox yol verdiyi səhv topladıqları bala uyğun olmayan seçim strategiyası müəyyən etmələridir:
“Bəzi namizədlər yalnız yüksək rəqabətli məktəbləri seçir və alternativ variantlara yer vermirlər. Digərləri isə məktəbin yerləşdiyi ərazini, nəqliyyat imkanlarını, dərs yükünü və iş şəraitini əvvəlcədən araşdırmırlar. Həmçinin vakansiyaların ardıcıllığını düzgün müəyyən etməmək də son nəticəyə ciddi təsir göstərir”.
Ə.Həsənlinin sözlərinə görə, hər il kifayət qədər namizəd məhz yanlış seçim strategiyasına görə müəllim olmaq şansını itirir:
“Halbuki eyni balla daha düzgün planlaşdırılmış seçim edən namizəd təyinat ala bilir”.
O qeyd edib ki, namizədlər ilk növbədə topladıqları balı düzgün qiymətləndirməli və seçimlərini buna uyğun qurmalıdırlar:
“Təkcə arzuladıqları məktəbləri deyil, qəbul olmaq ehtimalı yüksək olan alternativ vakansiyaları da siyahıya əlavə etmələri vacibdir. Məktəbin yerləşdiyi ərazi, gündəlik gediş-gəliş imkanları, həvəsləndirmə tədbirlərinin tətbiq edilib-edilməməsi, dərs saatlarının həcmi və gələcək karyera perspektivləri də nəzərə alınmalıdır”.
Ekspert onu da vurğulayıb ki, vakansiya seçimi tələsik deyil, hər bir vakant yer diqqətlə araşdırıldıqdan sonra edilməlidir:
“Çünki vakansiya seçimi müsabiqənin taleyini müəyyən edən ən vacib mərhələlərdən biridir. Bu mərhələdə verilən bir yanlış qərar bütün ilin nəticəsinə təsir göstərə bilər”.
Məlumat üçün bildirək ki, bu mərhələdə ilkin olaraq vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə təqdim edilir. Belə ki, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.
Bundan əlavə, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.
Növbəti mərhələlərdə faktiki yaşayış yerinə uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi, eləcə də ümumi vakansiya seçimi turu keçiriləcək. Sözügedən mərhələlərin keçirilmə tarixləri barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.
Qeyd edək ki, şəhid ailəsi üzvləri üçün vakansiya seçimi prosesi 6 avqust saat 11:00-dək davam edəcək.