Modern.az

Özəl universitetlərə maraq azalacaq - AÇIQLAMA

Özəl universitetlərə maraq azalacaq - AÇIQLAMA

Təhsil

Bu gün, 08:30
Bakı Qızlar Universitetinin lisenziyasının ləğv edilməsi ilə bağlı qərardan sonra özəl ali təhsil müəssisələrinə inam və seçim meyarları yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə builki qəbul prosesində abituriyentlər və valideynlər arasında özəl universitet seçiminə daha ehtiyatlı yanaşmanın formalaşa biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu fonda ali məktəb seçərkən hansı meyarların əsas götürülməli olduğu, universitetlərin etibarlılığı və təhsil keyfiyyətinin necə qiymətləndirilməli olduğu da aktuallaşan məsələlər sırasındadır.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu qərardan sonra abituriyentlər və valideynlər arasında özəl universitetlərə münasibətdə müəyyən tərəddüdlər yaranıb.

Onun sözlərinə görə, Bakı Qızlar Universitetinin bağlanmasından sonra özəl ali məktəblərə münasibət əvvəlki illərlə müqayisədə heç də müsbət istiqamətdə dəyişməyib:

“Bakı Qızlar Universitetinin bağlanmasından sonra, əvvəlki dövrlərdə olduğu kimi, abituriyentlərin və valideynlərin özəl universitetlərə yanaşması birmənalı deyil. Son qərardan sonra da həm valideynlər, həm də abituriyentlər müəyyən qədər tərəddüd içərisindədirlər”.

Ekspert həmçinin qeyd edib ki, bütün özəl universitetləri eyni meyarla qiymətləndirmək düzgün yanaşma deyil:

“Yenə də elə özəl universitetlər var ki, onlar dünya səviyyəsində tanınırlar. Əsasən də Xəzər Universiteti. Bilirsiniz ki, bu ali məktəb beynəlxalq reytinqlərdə bir çox dövlət universitetlərini qabaqlayaraq ilk 1300-1500 universitet sırasında yer ala bilir. Ona görə də bütün özəl universitetləri eyniləşdirmək doğru deyil”.

E.Əfəndinin sözlərinə görə, Azərbaycanda nüfuz qazanmış digər özəl ali məktəblər də var:

“Reytinq baxımından Xəzər Universiteti, Qərbi Kaspi Universiteti və Azərbaycan Universitetini digər özəl ali təhsil müəssisələri ilə müqayisə etmək mənə görə doğru deyil. Sonrakı sıralarda isə Bakı Biznes Universiteti, Bakı Avrasiya Universiteti gəlir ki, onlara da maraq var”.

Bununla yanaşı, ekspert bildirib ki, bəzi özəl universitetlərlə bağlı narahatlıqlar da mövcuddur:

“Bəzi universitetlər var ki, onlarla bağlı abituriyentlər və valideynlər daha çox tərəddüd edirlər. Bəziləri korrupsiya faktorunu iddia edir, bəziləri tələbələrin incidilməsi və digər məsələləri diqqətə çatdırırlar. Ona görə də düşünürəm ki, bəzi özəl universitetlər təlim-tədris prosesini, eləcə də tələbələrlə düzgün kommunikasiyanı tənzimləməlidirlər”.

Ekspert hesab edir ki, universitet seçərkən yalnız ali məktəbin nüfuzuna deyil, ixtisasın keyfiyyətinə də diqqət yetirilməlidir:

“Əlbəttə, universitetin nüfuzu gələcək karyera baxımından vacibdir. Amma bəzi hallarda ixtisasın tədris keyfiyyəti daha böyük əhəmiyyət kəsb edir. Elə universitetlər var ki, ümumi reytinqdə ön sıralarda olmasalar da, tədris etdikləri bəzi ixtisasların keyfiyyəti çox yüksəkdir. Ona görə də bu amil mütləq nəzərə alınmalıdır”.

Onun fikrincə, abituriyent üçün əsas meyar keyfiyyətli ixtisas seçimi olmalıdır:

“Ən yaxşı ixtisası seçmək mənə görə daha uğurlu seçimdir. Ola bilər ki, hansısa özəl universitetdə əmək bazarında daha çox tələb olunan və keyfiyyətli tədris edilən ixtisasa qəbul olmaq, dövlət universitetində və ya başqa bir özəl ali məktəbdə əmək bazarında o qədər də tələbatı olmayan ixtisası seçməkdən daha məqsədəuyğundur”, - deyə E.Əfəndi əlavə edib. 

Təhsil eksperti Məzahir Məmmədli isə deyib ki, bu qərar abituriyentlərin özəl universitetlərə münasibətinə ciddi təsir göstərə bilər.

Onun sözlərinə görə, Bakı Qızlar Universiteti bağlanmazdan əvvəl də bəzi abituriyentlər və valideynlər özəl universitetlərlə bağlı narahatlıq keçirirdilər:

“Bakı Qızlar Universitetinin bağlanması artıq abituriyentlərin özəl universitetləri seçməsi ilə bağlı çox ciddi problem yaradacaq. Hələ universitet bağlanmamışdan əvvəl də seçim edən bəzi abituriyentlər və valideynlər xüsusi narahatlıq keçirirdilər ki, görəsən özəl universitetlərin diplomları Azərbaycanda tanınırmı?

Çox təəssüf olsun ki, özəl universitetlər özləri haqqında geniş təbliğat qura bilmədiklərindən, geniş PR işi aparılmadığından, hələ də elə düşünənlər var ki, Azərbaycandakı özəl universitetlər də xaricdə təhsil alıb diplomu tanınmayan ali məktəblər qədər şübhəlidir və gələcəkdə onların diplomlarının tanınması ilə bağlı problem yarana bilər”.

Ekspert onu da vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən bütün özəl universitetlər müvafiq akkreditasiya prosedurlarından keçərək lisenziya alırlar:

“Mən xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün universitetlər, o cümlədən özəl universitetlər Nazirlər Kabineti tərəfindən akkreditasiya standartlarına uyğunluğu yoxlanıldıqdan sonra lisenziya ala bilirlər”.

M.Məmmədli qeyd edib ki, Bakı Qızlar Universiteti ilə bağlı vəziyyət digər özəl universitetlərdən fərqlidir:

“Bakı Qızlar Universiteti fəaliyyəti dövründə müəyyən nöqsanlara və qüsurlara yol verib. Pedaqoji ixtisaslar üzrə akkreditasiya standartlarına uyğun olmayan qanunsuzluqlar aşkarlanıb, həmçinin tədrisin keyfiyyəti ilə bağlı bəzi problemlər üzə çıxıb. Məhz buna görə də bu universitetin fəaliyyəti dayandırılıb”.

Ekspert hesab edir ki, bu qərar builki qəbul kampaniyasında da öz təsirini göstərəcək:

“Bakı Qızlar Universitetinin bağlanması bu il seçim edən abituriyentlər arasında da ciddi narahatlıq yaradacaq. Xüsusilə pedaqoji ixtisas seçənlər daha ehtiyatlı davranacaqlar. Hesab edirəm ki, dövlət universitetlərinin pedaqoji ixtisaslarında rəqabət artacaq”.

M.Məmmədli yekun olaraq onu da əlavə edib, bu il həm dövlət, həm də özəl ali təhsil müəssisələrində pedaqoji ixtisaslara marağın forması dəyişə bilər:

“III ixtisas qrupunda hər il həmin universitetə təxminən 450-500 nəfər qəbul olunurdu. Bu tələbələrin digər ali məktəblərə yönəlməsi seçim mərhələsində müəyyən çətinliklər yaradacaq və digər universitetlərə əlavə yük gətirəcək. Digər tərəfdən isə özəl universitetlərin pedaqoji ixtisaslarına da müəyyən tərəddüdlə yanaşılacaq. Ona görə də düşünürəm ki, dövlət universitetlərinin pedaqoji ixtisaslarında müəyyən sıxlıq və rəqabətlilik müşahidə olunacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Rusiyanın nüfuzuna ŞİLLƏ - Kremlə gözdağı verildi