
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) yaranmasından 95 il ötür.
AZƏRTAC-ın əsası 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qoyulub. Xalq Cümhuriyyətinin süqutundan sonra agentlik SİTA-nın filialı kimi fəaliyyət göstərib, 70 il ərzində adı 7 dəfə dəyişdirilib. Nəhayət, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentliyin tarixi adı özünə qaytarılıb.
AZƏRTAC bu gün ölkə həyatının bütün sahələri - ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələr haqqında fasiləsiz olaraq 24 saat ərzində 7 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və çin dillərində operativ informasiyalar yayır. Bu sıraya ayda 30 mindən artıq xəbər, 80 mindən çox foto, 800-dən artıq videoxəbər, 30-dan çox infoqrafika materialı daxildir. Dünyanın bir çox nüfuzlu informasiya agentlikləri mötəbər və etibarlı xəbər qaynağı kimi tanınan AZƏRTAC-ın informasiyalarından istifadə edir. AZƏRTAC regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan yeganə agentlikdir.
Qlobal informasiya məkanında özünəməxsus yer və mövqe tutan AZƏRTAC 2004-cü ildən dünyanın nüfuzlu informasiya agentliklərini özündə birləşdirən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvüdür. Hazırda OANA-nın saytında yerləşdirilən informasiyaların sayına görə liderlik AZƏRTAC-a məxsusdur.
2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) daxil olan AZƏRTAC, eyni zamanda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) təsisçilərindən biridir.
2011-2013-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına sədrlik edən AZƏRTAC hazırda Türkdilli Xəbər Agentlikləri Birliyində eyni missiyanı həyata keçirir.
AZƏRTAC 40-a yaxın ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla əməkdaşlıq edir.
Facebook, Twitter, YouTube, Instagram kimi sosial şəbəkələrdə AZƏRTAC-ın Azərbaycan, ingilis və fransız dillərində profilləri fəaliyyət göstərir. Agentliyin Azərbaycan dilində Facebook səhifəsinin daimi istifadəçilərinin sayı 110 min nəfərə yaxınlaşır, əhatə dairəsi isə orta hesabla 20-50 milyon nəfər arasında dəyişir.
Xarici ölkələrdəki müxbir şəbəkəsi, beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənən AZƏRTAC-ın bu gün 21 ölkədə - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, İspaniya, İtaliya, Çin, Yaponiya, İsveç, Rumıniya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan və Türkmənistanda, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.
95 illik yubiley ərəfəsində Prezident İlham Əliyevin imzaladığı sərəncamla agentliyin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb. Dövlət başçısının digər sərəncamları ilə AZƏRTAC-ın iki əməkdaşına “Əməkdar jurnalist”, üç əməkdaşına “Əməkdar mədəniyyət işçisi”, bir əməkdaşına “Əməkdar mühəndis” adı verilib, yeddi əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif edilib.
Modern.az