Modern.az

Qaynanasının və 7 baldızının sevimlisi olan YAXŞI GƏLİN

Qaynanasının və 7 baldızının sevimlisi olan YAXŞI GƏLİN

Təhsil

8 Mart 2015, 23:59

Tamilla xanım mehriban gəlin, fədakar Ana olmaqla yanaşı, həm də qayğıkeş, sevimli qaynanadır


O ailəni 40 ildən artıqdır ki tanıyıram. Çox gözəl bir  soyada malikdirlər - Atababayevlər! Söhbət Sumqayıtın istedadlı mühəndislərindən biri, əsl ziyalı və gözəl insan, bir çox illər elm və metallurgiya sahəsində çalışmış, əslən Sumqayıtın Corat qəsəbəsindən olan Rəfi Atababayevin ailəsindən, onun sədaqətli ömür-gün yoldaşı, yüksək mədəniyyətə malik, özündə Azərbaycan qadınının ən gözəl xüsusiyyətlərin cəmləşdirmiş xoşxasiyyət və xanım-xatın qadın olan Tamilla xanım Atababayevadan gedir.

Rəfi müəllim hələ tələbəlik illərində Tamilla xanımla Neft-Kimya İnstitutunda eyni qrupda oxuyarkən ailə qurub. Ailə başçısının sonralar aspirant kimi çalışdığı, gənc ailə üçün maaşının kifayət qədər olmadığı illərdə də, Azərbaycan Boru-prokat zavodu kimi nəhəng bir metallurgiya müəssisəsinin baş mexaniki kimi səhər tezdən gecə saat 10-11-ə kimi istehsalat problemləri ilə məşğul olduğu, bütün gününün istirahətsiz-filansız keçdiyi dövrdə də ailə-məişət qayğıları, o cümlədən üç övladın - oğulları Elçin və Namiqin, qızı Sevincin təlim-tərbiyə və təhsil məsələləri Tamilla xanımın üzərinə düşüb.
Ancaq ev qayğıları açıb-daşsa da, özü də ali təhsilli mühəndis kimi zavodda çalışaraq, gün ərzində nə qədər yorğun olsa da, Rəfi müəllim işdən qayıdarkən həmişə qapını onun üzünə gülərüzlə açıb, heç zaman yorğunluğunu büruzə verməyib, nədənsə şikayətlənməyib, deyinməyib. Ən başlıcası - nə Tamilla xanım evin hansısa qayğısı ilə bağlı ərini, nə də Rəfi müəllim iş zamanı gərginliyinə, hərdən də əsəbiliyinə səbəb olan problemlərlə bağlı Tamilla xanımı narahat edib.


Ailə qurduqları ilk illərdə evdə nəyinsə çatışmamasını da Tamilla xanım söz-söhbətə çevirməyib, səbrlə hər şeyin tədricən yoluna düşəcəyini gözləyib. Bakılı qızı olsa da, heç vaxt dünya malında gözü olmayıb, həyat yoldaşından nə qiymətli daş-qaş, nə müxtəlif zinətlər, nə də bahalı pal-paltar umub. Onun ulu Tanrıdan və taledən umduğu ən qiymətli bir şey olubsa, o da ailə səadəti, ailə mehribançılığı, özlərinin isti ailə ocağı, övladlarının xoşbəxtliyi olub. Qismətinə, taleyinə görə həmişə ulu Tanrıya şükr edib. Nəinki qaynatası və qaynanasına, hətta özündən kiçik olan qayınlarına və yeddi baldızının hər birinə də hörmətlə yanaşıb, onların qulluğunda durmağı bəzi gəlinlər kimi özünə ar bilməyib.

Tamilla xanımın da xidməti az deyildir ki, Atababayevlər nəslinə məxsus mehribanlıq və səmimilik, hörmət-izzət, ailə əmin-amanlığı bu gün də davam edir. Xüsusilə maraqlıdır ki, bir-çox gəlinlər üçün  «yaralı yer» sayılan baldızlar Tamilla xanım üçün yaralı yer yox, «yararlı», gərəkli, arzu edilən, sevilən olub. Məhz Tamilla xanımın mehribançılığı, səmimiliyi, sadəliyi və təvazökarlığı, böyüyün-kiçiyin yerini bilməsi sayəsində o, bütün baldızlarının sevimlisinə çevrilib. Belə bir münasibət artıq yarım əsrdən - 50 ildən çoxdur ki, heç bir dəyişikliyə uğramadan davam edir. Baldızlar - Rəfi müəllimin  bacıları bu gün də bir-birindən daha çox Tamilla xanım üçün darıxır, onunla ünsiyyətə ehtiyac duyur, istək və arzularını, dərdlərini-problemlərini onunla bölüşür, çətin anda onunla məsləhətləşirlər. Və bu gözəl, qibtə doğuran xoş ənənə neçə illər əvvəl Rəfi müəllimin və Tamilla xanımın qızı Sevinc tərəfindən, indi isə qız nəvəsi tərəfindən gəlin köçdükləri ailələrdə uğurla davam etdirilir. Bir zamanlar Atababayevlər ocağına cavan bir gəlin kimi gəlmiş Tamilla xanım da, onun qızı və qız nəvəsi də ər evinə umu-küsü, giley-güzar, dava-dalaş yox, həqiqətən səadət və sevinc aparıblar.

Düşünmək olar ki, Tamila xanımın bəxti-taleyi yaxşı olub, daim üzünə gülüb, ona görə də ailə məsələlərində problemi olmayıb. Yox, təəssüf ki, bu, qətiyyən belə deyildir. Böyük oğlu Elçin hələ orta məktəbin 7-ci sinfində oxuyarkən idman dərsi zamanı taleyin qismətindən ayağından ağır zədə alıb və bununla bağlı səhhətinin get-gedə ağırlaşması üzündən il yarım xəstə olduğundan Tamila xanım çox həyəcanlı, sarsıntılı-üzüntülü günlər keçirib, özünün zavoddakı işindən uzun müddətə ayrılmaqla aylarla Bakıda və Moskvada onunla birgə xəstəxana palatalarnda qalaraq, övladının tam sağalması üçün əsl ana fədakarlığı göstərib. Onun yorulmaz səyi, ana məhəbbəti və qayğıkeşliyi sayəsində Elçin nəinki ağır xəstəlikdən xilas olub, hətta orta məktəbi də əla qiymətlərlə başa vuraraq (ekstern imtahan verərək), keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarından birində - Moskvanın P.Lumumba adına Xalqlar Dostluğu Universitetində təhsil alıb, elə Moskvada dissertasiya müdafiə edərək, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Yüksək bilik və istedadının, ziyalılığının və bacarığının, işgüzarlılığının nəticəsi olaraq keçmiş SSRİ-nin və bir çox xarici ölkələrin nüfuzlu şirkətlərində uzun illər yüksək vəzifələrdə çalışıb. 


Təbii ki, Tamilla xanım artıq çoxdan həm qaynana, həm də nənədir. Onun kimi xoşxasiyyət bir qadın üçün o da təbiidir ki, o, həm gəlinləri, həm kürəkəni tərəfindən çox sevilən, hər zaman ünsiyyətinə və qayğısına  ehtiyac duyulan qaynana, həm də nəvələr üçün çox əziz, sevimli bir nənədir. Şübhəsiz ki, Atababayevlər ailəsində və ordan «pöhrələnmiş» yeni, gənc ailələrdə bu cür mehribançılığın, xoş ünsiyyətin kökləri həm Rəfi müəllimin, həm də Tamilla xanımın geniş, insana sevgi dolu ürəklərindən rişələnir.

Və etiraf edim ki, lap çoxdan tanıdığım Rəfi müəllimlə və Tamilla xanımla vaxtaşırı görüşməyim yox, sadəcə onları yada salmağım da kifayətdir ki, məndə xoş duyğular, sevinc ovqatı yaransın, yaşamaq və həyat eşqi güclənsin, hətta xoşbəxtliyin heç də əlçatmaz olmadığına dərin, bəşəri bir inam oyansın.

Və min-min şükürlər ki, gəlinin  öz mehribançılığı sayəsində getdiyi evdə doğma və istəkli bir ailə üzvünə çevrildiyi bu cür mehriban ailələr Azərbaycanda minlərlədir. Onların arasında daha yaxından tanıdıqlarım - Ağdamın Ergi kəndində Məhəmməd kişinin, Bakıda (Keşlədə) keçmiş hərbçi Zabit Abdurahmanovun, Şəki rayonunda İsmayıl müəllim Ələkbərovun, Masallıda unudulmaz  dostumuz, gözəl insan, tanınmış yazıçı-publisist Hacı Ağəddin Mansurzadəgilin böyük nəsli, Oğuzda İzzət Seyidovun, Sumqayıtda Xeyrulla Əbilovun və digərlərinin ailələri bu qəbildəndir.

8 mart Beynəlxalq Qadınlar günündə Azərbaycanın bütün xanımlarını - ana və bacıları, həmçinin köçdükləri evlərə özləri ilə səadət və xoşbəxtlik aparmış qız-gəlinləri, mehriban qaynanaları, eləcə də Tamila xanım Atababayevanı ürəkdən təbrik edir, onların hər birinə can sağlığı və həmişə olduğu kimi, hər zaman onları əhatə edənlərin sevimlisi olmalarını, ömürləri boyu davam edəcək sevinc arzu edirik!



Rəhman ORXAN

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı