İzzətli Ruslan kimlərə xidmət edir?
Noyabrın 1-i Azərbaycanda növbəti dəfə parlament seçkiləri keçiriləcək. Millətimizin vəkili olmaq iddiasında olan şəxslər, artıq təbliğat-təşviqat kampaniyasına başlayıblar. Artıq seçicilər də öz dairələrindən hansı namizədlərin yarışacağını, onların kim olduqlarını araşdırıb müəyyən qənaətə gəliblər.
33 saylı Xətai birinci seçki dairəsinin bir qrup seçicisi olaraq dairəmizdən millət vəkili olmaq istəyən namizədlərin kim olduğuna baxarkən İzzətli Ruslan adlı namizədlə maraqlandıq.
Məlum oldu ki, gənc olmasına baxmayaraq indiyə qədər bir neçə cəbhə dəyişən, özünü asanlıqla müxtəlif qurumlara calayan bu şəxsin elə gənclər arasında da imici olduqca ləkəlidir.
Ümid partiyasının sədrinin müavini olan bu şəxs qısa zamanda onu tərk edərək istefa verdi.
Ardınca “D18” adlı hərəkat yaradan bu şəxs bir qrup gənci ətrafına toplayaraq guya siyasətdə olduğunu iddia etməyə başladı. Lakin ətrafındakı gənclər tezliklə bu şəxsin iç üzünü gördü və bir neçə gün ərzində 10-a yaxın şəxs istefa verərək təşkilatı tərk etdi.
Təşkilatının dağıldığını görən İzzətli Ruslan, Azərbaycan dövlətçiliyinin təməl sütunlarına qarşı çıxmağı da gözə alaraq təki gündəmə gəlmək üçün bu dəfə Türkiyədən özünə dəstək axtarmağa başlayır.
Tezliklə yenə də aldadacağı adamlar taparaq orada fəaliyyət göstərən Osmanlı Ocaqlarının Azərbaycan təmsilçiliyi kimliyinə büründü.
Azərbaycan tarixinə bələd olduğumuzdan bilirik ki, Osmanlı-Səfəvi münasibətləri tarixən hər iki qardaş xalqı bir-birinə qarşı qoyub, hələ də acısını çəkdiyimiz hadisələrə səbəb olub. Vaxtilə türk dünyasının iki böyük imperiyası olan Səfəvi ilə Osmanlının Avropa dövlətlərinin təxribatı nəticəsində üz-üzə gətirilməsi nəticədə hər iki dövlətin zəifləməsinə, hegemonluğunu itirməsinə səbəb olub. Ancaq XX əsrin əvvəllərində münasibətlər qaydasına düşmüş, keçmiş ədavətlər unudulmuşdu.
Yəni, artıq Türkiyə və Azərbaycan vətəndaşları keçmişdə olanları unutmuş, ötən əsrin əvvəllərindən başlayaraq qardaşcasına münasibətləri davam etdirirlər. Təsadüfi deyil ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra onu tanıyan ilk dövlətlərdən biri Türkiyə olub. Artıq Azərbaycan və Türkiyə üçün Osmanlı-Səfəvi münasibətləri uzaq keçmişdə olan bir tarixdir, o dönəmdə baş verən ədavətlər həmin dönəmə xas olan münasibətlərdir.
Lakin təəssüf ki, zamanla bu keçmiş ədavəti yenidən qaldırmaq istəyənlər, hətta daha irəli gedib keçmişdə buraxdığımız sünni-şiə kimi qarşıdurmaları yenidən gündəmə gətirmək istəyənlər olur. Bu cür adamlar Ulu Öndər Heydər Əliyevin də dediyi kimi bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında süni şəkildə milli, dini ayrıseçkilik salmaq, təfriqə yaratmaq istəyən şəxslərdir. Türkiyədəki bəzi dairələrin xoşuna gəlmək istəyən bu şəxslər dövlətçiliyimizə, tariximizə əks gedərək öz şəxsi maraqlarının həyata keçməsi üçün olmazın üsullara əl atır, ilk fürsətdəcə Azərbaycanın maraqlarını tapdalayırlar.
Əlbəttə, tarixən belə şəxslər olub və xalq həmin şəxsləri necə lazımdırsa, o şəkildə də tarixə gömüb. İndi də Azərbaycanın dövlət maraqlarını asanlıqla sata bilən, ölkədə heç bir sosial tələbat olmadığı halda, heç bir mənəvi, tarixi yükümlülüyü olmayan bir qurumun ölkəmizdə təmsilçiliyinin açılması bizi dərindən təəssüfləndirir. Üstəlik öz maraqları xatirinə hər şeyi asanlıqla qurban verə bilən İzzətli Ruslan adlı bu şəxsin dairəmizdən namizəd olması Xətai seçiciləri olaraq etirazımıza səbəb olub.
Türkiyədəki hakim rejimin maşası olan Osmanlı Ocaqları keçmiş Osmanlı imperiyasının mədəniyyətinin təbliği ilə məşğul olduğunu iddia edir. Hətta “Osmanlı Ocaqlarının andı” deyilən andda belə bir cümlə var: “Yavuzun torunu Osmanlıyız biz”.
O Yavuz Sultan Səlim ki, Azərbaycana hücum edərək, hələ də türk dünyası olaraq əzabını çəkdiyimiz Çaldıran savaşına, Azərbaycan-Səfəvilər dövlətinin zəifləməsinə səbəb olmuşdu. Bir daha deyirik, biz keçmişi təftiş etmirik, əksinə keçmişdəki təfriqələri bu günə daşıyanlara qarşı olduğumuzu açıq şəkildə bəyan edirik.
Çünki Türkiyədə keçmişi – Osmanlını təbliğ edən, modern Türkiyənin, Atatürk Türkiyəsinin dəyərlərinə qarşı çıxan, mövcud iqtidarın təbliğatına xidmət edən bir qurumun ölkəmizdə də təbliğatı aparılır. Türkiyədə qurulan, Azərbaycanla əlaqəsi olmayan, əksinə ölkəmizin dövlətçilik tarixinə, fəlsəfəsinə zidd olan Osmanlı Ocaqlarını Azərbaycanda təbliğ etmək, bununla da klassiklərimizin bizə miras qoyduğu türkçülüyə, Ulu Öndər Heydər Əliyevin bizi birləşdirən bir dəyər olaraq bəxş etdiyi azərbaycançılıq ideologiyasına zidd olan görüşlərin yayılmasına rəvac vermək dövlətimizə və millətimizə qarşı çıxmaq deməkdir.
Bir zamanlar Səfəvi dövlətinin hakim olduğu ata-baba torpaqlarımızda yenidən hökmran olmaq, keçmişdəki gücümüzü bərpa etmək bizim ən ali məqsədimiz, dövlətçilik fəlsəfəmizi gələcək nəsillərə ötürmək bir nömrəli amalımız olduğu üçün bu gün bu istəyimizə qarşı çıxanların bizə parlamentdə vəkillik etmək istəyində olması utancvericidir.
Üstəlik Osmanlını təbliğ edən bir şəxsin Azərbaycan dövlətçiliyinin ən ali pilləsində qərar tutan Şah İsmayıl Xətainin adını daşıyan bir ərazidən namizəd olması isə tarixin bir ironiyası olsa gərək. Sultan Səlimin nəvəsi olmaqla qürur duyan, Osmanlının təbliği üçün and içən İzzətli Ruslanın utanmadan Şah İsmayılın adını qürurla yaşadan bir dairədən millət vəkili olmaq istəməsi həm böyük hökmdarın, həm tariximizin, həm də biz seçicilərin adına ləkədir.
İnternetdə araşdırma apararkən bəlli olur ki, Osmanlı Ocaqları adlanan bu qurum Türkiyənin özündə də millətçi, türkçü qurumlara dava açmaq, onların liderlərini məhkəməyə verməklə məşğuldur. Hətta iddialara görə, bu ocaqlarda təmsil olunan gənclər Türkiyədə siyasi məqsədlərin küçədə həyata keçirilməsi üçün istifadə olunan vasitələrdir. Bu Ocaqlarda yetişdirilən gənclərin qəzet redaksiyalarına hücum etdikləri də deyilir.
Məsələn, İzzətli Ruslanın həmkarı, Osmanlı Ocaqları İstanbul Gənclik Qolları Başqanı Furkan Gök adlı şəxs Türkiyəni yasa boğan, 32 nəfərin ölümünə səbəb olan Suruc qətliamını həyata keçirən İŞİD simpatizianı üçün sosial şəbəkədə “canlı bombaya rəhmət, yaxınlarına səbr diləyirəm” yazmışdı. Bir terrorçuya rəhmət diləmək insanlıq adına utancvericidir.
Siyasilərin küçə siyasətində istifadə etdikləri bir qurumun Azərbaycanda təmsilçiliyinin yaradılması kimlərə, nəyə görə lazımdır?
Yoxsa, Azərbaycanda da Osmanlı mədəniyyəti adı altında yüz ildir sahib olduğumuz tolerantlıq, multikulturalizm kimi dəyərlərimizə qarşı çıxılmaq istənilir?
Tək hədəfi Osmanlı mədəniyyəti olduğu deyilən bu qruplaşma Azərbaycanda hansı hədəfini həyata keçirmək istəyir?
Tək hədəfinin Osmanlı olduğunu deyən bu qruplaşma İzzətli Ruslanı şanlı keçmişimiz olan Şah İsmayıl Xətainin adını daşıyan dairədən namizəd olmasını istəməklə bizə qarşı psixoloji savaş açmış olmurmu?
Beləliklə, o qruplaşmanın Azərbaycandakı təmsilçisi olaraq tək hədəfinin Osmanlı olduğunu deyən, Sultan Səlimin əsgəri olduğuna and içən bir şəxsin şah babamızın adını daşıyan bir dairədən millət vəkili seçilmək istəməklə hansı gizli məqsədlərə xidmət edəcəyi bizim üçün artıq şübhə doğurmayan bir həqiqətdir.
Üstəlik, bir neçə il qabaq Türkiyədə başqa bir qruplaşmanın, dövlət içində dövlət yaratdığı iddia edilən “Paralel dövlət” adlı bir qruplaşma dövlətimiz tərəfindən ifşa edilmişdi. İndi də Türkiyədən qaynaqlanan başqa bir qruplaşma öz gizli məqsədlərini ölkəmizdə həyata keçirmək üçün İzzətli Ruslanın timsalında bir oyun qurub.
Türkiyənin qurucusu Atatürkə qarşı olan bu qruplaşmanın Azərbaycanda kimlərə xidmət edəcəyi apaçıq aydındır.
Türkiyədə gedən hakimiyyət oyunlarının ölkəmizə transfer etmək istəyənləri şiddətlə qınayır, milli maraqlarımıza qarşı çıxaraq bu oyunlarda istifadə olunan şəxslərin parlamentdə təmsil olunmaq istəyinə qarşı çıxırıq.
Çünki bir daha bəyan edirik ki, osmanlıçılığı təbliğ edən, Azərbaycan dövlətçiliyinə qarşı çıxan bir şəxsin Şah İsmayıl Xətainin adını daşıyan rayonun bir dairəsindən namizəd olmasına qarşıyıq, burada çirkin planların olduğuna əminik.
33 saylı Xətai birinci seçki dairəsinin bir qrup seçicisi.