Modern.az

“Münaqişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsidir” - Salome Zurabişvili

“Münaqişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsidir” - Salome Zurabişvili

Aktual

27 Fevral 2019, 23:26

“Bugünkü səfər bir daha Gürcüstan ilə Azərbaycan arasında mövcud olan mehriban qonşuluq və dostluq münasibətlərini nümayiş etdirir”. Modern.az xəbər verir ki, bunu ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevin adından onun şərəfinə verilən rəsmi ziyafətdə bildirib.

 

 “Azərbaycanın böyük tarixi şəxsiyyətini – Əli bəy Hüseynzadəni xatırlamaq istərdim. O, Azərbaycanın “Türkləşmə, islamlaşma və avropalaşma” adlı dirçəliş proqramının müəllifidir.

Biz gürcülər üçün isə belə qəhrəman İlya Çavçavadzedir. O, “Vətən, dil, din” kəlamını bizim milli şüarımıza çevirərək avropalaşma ideyasını təbliğ edirdi.

Gürcülər və azərbaycanlılar azadlığa və dövlət quruculuğuna gedən yolu birlikdə keçiblər. Bu yol bu gün artıq bizim ümumi məqsədlərimizi müəyyən edir”,- deyə Salome Zurabişvili qeyd edib.

 

Gürcüstan Prezidenti Salome Zurabişvili hazırda müstəqil ölkələrimizin qarşıda duran vəzifələrin həlli üçün ardıcıl iş gördüklərini vurğulayıb: “Münaqişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsidir. Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən UNESCO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Bu faciələrə baxmayaraq, biz müasir dövlətlər qurmağa, iqtisadiyyatı inkişaf etdirməyə və böyük layihələri icra etməyə nail olduq.

Hazırda Azərbaycan, Gürcüstan və Türkiyə böyük regional layihələrin uğurla reallaşdırılması üçün birgə səylərini davam etdirir. Bizim ölkələrimiz Asiya və Avropanı, Çini və Qərbi, Xəzər dənizini və Qara dənizi bir-birinə birləşdirən yollar üzərində yerləşirlər. Bu nəqliyyat dəhlizlərinə maraq gündən-günə artmaqdadır. Bu yolların maksimal dərəcədə yüklənməsi və lazımi dərəcədə əhəmiyyət kəsb etməsi üçün bizim regionda sabitliyin və sülhün qorunub saxlanılması olduqca vacib məsələdir. Hamımıza daha çox investisiya, tərəfdaş, turist, bazarlar lazımdır, bütün bunların hamısı isə bizim sabitliyimizdən asılıdır”.

 

Prezident Salome Zurabişvili Azərbaycan ilə Gürcüstanın mədəniyyət sahəsində də uğurla əməkdaşlıq etdiklərini vurğulayıb: “Unutmayaq ki, neft sənayesinin tarixi bizim regionun əmin-amanlıq tarixidir. Onu yeni üslubda oxumaq və dünya üçün təqdim etmək millətlərimizə ancaq xeyir gətirəcək və yalnız münaqişələr prizmasında görünən regionumuz haqqında səhv təsəvvürləri dəyişəcəkdir.

Mədəniyyət və iqtisadiyyat sahələrində çoxlu layihələr mövcuddur, onlar ölkələrimizi, xalqlarımızı, gənclərimizi daha yaxın edə bilər”.

 

Prezident Salome Zurabişvili ölkələrimizin paytaxtları arasında da fəal mübadilələr aparıldığını qeyd edib: “Sizin ölkənizin ənənəvi əl işləri sənətkarlarını, rəssamları, bəstəkarları, yazıçıları tanıtmaq, aktual məsələlər haqqında forumlar keçirmək lazımdır. Məsələn, ətraf mühitin qorunması. Çünki Qafqazın bioloji cəhətdən şaxələnmiş flora və faunasını qorumaq məhz bizim öhdəmizə düşür. Bunun üçün həm beynəlxalq təşkilatlarda, həm dünya konfranslarında fəal olmalıyıq. Gənclərin bu istiqamətdə məsuliyyətini artırmaq, yeni yanaşmaları tətbiq etmək çox səmərəli birləşdirici amilə çevrilə bilər.

Arzu edirəm ki, birgə səylərimizlə, böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmaları ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq. Mədəniyyətlərin və sivilizasiyaların ən maraqlı yol kəsişməsində yerləşən regionumuzda sülhün və sabitliyin möhkəmlənməsi əsas şərtdir. Dünya qarşısında onun nadirliyini qorumaq bizim borcumuzdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı