Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Avropanın 3 nüfuzlu professorunun iştirakı ilə təşkil olunacaq bilogiya və riyaziyyat sahələrinə həsr olunan Yaz Məktəbi çərçivəsində Forum da təşkil olunacaq.
Modern.az xəbər verir ki, mayın 2-də qonaq professorların iştirakı ilə təşkil olunacaq Forum saat 15.00-da başlayacaq. İştirak üçün aşağıdakı linkdə qeydiyyatdan keçmək lazımdır:
Xatırladaq ki, Yaz Məktəbi çərçivəsində professorların mühazirələri nəzərdə tutulub. 29 Aprel-2 may tarixlərində, dörd gün ərzində davam edəcək Məktəbdə Almaniya və Danimarkadan olan alimlərin mühazirələri dinləniləcək.
Aprelin 29-da Danimarka Texniki Universiteti Tətbiqi Riyaziyyat və Kompüter Elmləri Kafedrasının professoru Mads Peter Soensen “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Qanın laxtalanmasının mərhələsi” mövzusunda çıxış edəcək.
Professorun 1 may tarixində “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Aktiv İnsulin istehsal edən Beta-hüceyrələr” mövzusunda da mühazirəsi olacaq.
Almaniyanın Mübahisələrin həlli Mərkəzinin professoru Florian Rupp isə aprelin 30-u və mayın 2-də “Selikli canlıların həyatının modelləşdirilmiş və təhlil edilmiş formulu” mövzusunda mühazirə ilə çıxış edəcək. Mayın 1-də isə professorun “Həyat elmlərində süni intellektin perspektivləri” mühazirəsi təşkil ediləcək.
Almaniyanın Çatışmazlıqların aradan qaldırılması Mərkəzi və Kiber İnnovasiyalar Mərkəzinin tədqiqatçı alimi Rupert Brandmeier isə 2 may tarixində “Kiber-fiziki və kiber-sosial infeksiyalar” ilə bağlı çıxış edəcək.
Mühazirələr saat 09.00-da başlayacaq. Mühazirələrdə, eləcə də Forumda iştirak ödənişsizdir.