
Dekabrın 30-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ilə əlaqədar olaraq, Sinxua agentliyinin Bakıdakı filialı Bakı Dövlət Universitetinin (BDU) nəzdində yerləşən Konfutsi İnstitutu ilə birgə təşkil etdiyi “Çin-Şərqdən gələn dostluq” fotosərgisini nümayiş etdirdi. Bu fotosərginin məqsədi Çin Xalq Respublikası ilə Azərbaycan arasında incəsənət və mədəniyyət sahəsində mübadiləni nümayiş etdirmək idi. “Çinə əyləncəli səfər” adlı şəkillərdə Pekində, Şanxayda və Hefeydə lentə alınmış görüntülər nümayiş olundu.
Fotosərgidə ilk öncə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış etdi. Səməd Seyidov qonaqları rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu bildirdi. Deputat Azərbaycan və Çin dövlətləri arasında qurulmuş diplomatik əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söylədi. O, eyni zamanda Çinin böyük dövlət olduğunu xatırlatdı və Azərbaycan Respublikasının bu böyük dövlətdə böyük nüfuza malik olduğunu bildirdi. Rektor yüksək səviyyəli sərginin məhz ADU-da keçirilməsinin təsadüfi olmadığını bildirərək keçən il bu təhsil ocağında Çinşünaslıq ixtisasının açıldığını qeyd etdi. O, 15 xarici dilin tədris olunduğu ADU-da tezliklə Çin mərkəzinin də açılacağını qonaqların diqqətinə çatdırdı. Səməd Seyidov Çin Xalq Respublikasının Azərbaycanda olan səfirliyinə, səfirə və bu gözəl sərginin təşkilatçılarına təşəkkürünü bildirdi və təbriklərini çatdırdı.
Sonra Sunxua Agentliyinin nümayəndəsi Leo Yana söz verildi. O, fotosərginin ADU-da keçirilməsindən məmnunluğunu bildirdi və təhsil ocağının rəhbəri, professor Səməd Seyidova sərginin keçirilməsinə şərait yaradaraq göstərdiyi köməyə görə təşəkkürlərini bildirdi. Leo Yan öz növbəsində Azərbaycan-Çin dövlətləri arasında qurulmuş uğurlu diplomatik əlaqələrdən söz açdı. O, dil öyrənməyin yalnız dil bilgisi kimi deyil, həmçinin yeni təfəkkürlərin yaranmasında böyük rol oynadığını bildirdi və sərgidə nümayiş olunan şəkillərin tarixçəsi haqqında danışdı.
Daha sonra ADU-da açılacaq Çin mərkəzinin müdiri Rafiq Abbasov və Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Əlaqələr üzrə prorektoru Şəlalə Məmmədova ürək sözlərini ifadə etdilər. Sonra Azərbaycandakı Konfutsi İnstitutunun direktoru, dosent Hu Fenhua 10 gün davam edəcək sərginin bu günə kimi Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (ADİA) keçirildiyini söylədi və ADU-da da bu sərginin nümayişinə yardımçı olduğu üçün universitetin rektoru Səməd Seyidova dərin minnətdarlığını bildirdi.
Çıxışlardan sonra lent kəsilərək fotosərgi qonaqların ixtiyarına verildi. Qeyd edək ki, fotosərgidə 90 şəkli nümayiş olundu.
Modern.az