Modern.az

Azərbaycan üçün hərbi və iqtisadi maraqların keçdiyi yol…

Azərbaycan üçün hərbi və iqtisadi maraqların keçdiyi yol…

Aktual

9 Fevral 2013, 16:14

Əfqanıstanda olan ABŞ və Beynəlxalq koalisiya qüvvələri 2014-cü ildə bu ölkədən çıxmağa hazırlaşırlar. Bununla bağlı müzakirələrdə öz ölkələri üçün yararlı gəlir mənbəyi və siyasi divident qazanmaq istəyən Qərb dövlətlərinin nümayəndələri bu günlərdə  tez-tez Özbəkistana gəlirlər. Onlar NATO qüvvələrinin hərbi texnikasının hansı marşrutla çıxarılacağı məsələsinin müzakirəsində yaxından iştirak edir və Özbəkistan ərazisindən keçmək üçün danışıqlar aparırlar. Böyük Britaniya hökuməti isə dünən tranzit olaraq Özbəkistan ərazisindən istifadə edərlərsə, əvəzində onlara məxsus olan ağır hərbi texnikanın bir hissəsinin bu ölkəyə veriləcəyi barədə açıq şəkildə bəyanat səsləndirib. Müşahidələr görə, ABŞ və Böyük Britaniya hökümətləri bu variantı gündəmdə saxlayırlar. Təbii ki, belə məsələlərdə tranzit ölkələrin daxilində və yollarındakı təhlükəsizliyin təminatı  əsas şərtlərdən biridir.

Bu məsələyə dair söhbət etdiyim hərbi ekspertlərdən birinin dediyi variant da ağlabatandır. Həmin ekspertin fikrincə, Amerikanın Əfqanıstandakı hərbi texnikasının daşınması marşrutuna Əfqanıstan-Özbəkistan-Qazaxıstan-Azərbaycan olmaqla az məsrəf sərf oluna bilər. Əfqanıstandan çıxarılan qüvvələr bu qısa yolla  NATO-ya üzv ölkələrə çata bilərlər.
Göründüyü kimi, Azərbaycan da bu fürsətdən öz marağı naminə yararlana bilər. Nəticədə Azərbaycanın həm büdcəsi mənfəət qazanar, həm də bu məsələ ölkəmizin beynəlxalq arenada imicinin daha da yüksəlməsinə təkan verə bilər.

Hər hansı bir ölkəyə böyük siyasi və iqtisadi divident gətirə biləcək bu məsələnin həllində yolların təhlükəsizliyinin qorunması əsas şərtlərdən biridir. Aparılan müzakirələrdə və ən real marşrutda Azərbaycanın da adının yer alması, ölkəmizin düşmənlərini narahat etməyə bilmir. Yuxarıda adı çəkilən dövlətlərin belə mühüm bir məsələni müzakirə etdiyi vaxtda Azərbaycanın sərhədyanı bölgələrində mütəmadi şəkildə atəşkəs pozulur, ermənilər Xocalı aeroportunun açılacağı barədə informasiyalar yayırlar. Şübhəsiz üçüncü maraqlı qüvvələr bununla beynəlxalq aləmdə Azərbaycanı öz ölkəsinin təhlükəsizliyini təmin edə bilməyən bir dövlət kimi qələmə vermək məqsədi güdürlər. Həmin maraqlı dövlətlər öz ölkələrinin ərazisini bu məqsədlə ən əlverişli və təhlükəsiz tranzit variantı kimi təqdim etməyə çalışırlar. Eyni zamanda onlar üçün for-post rolunu oynayan Ermənistanla Azərbaycan arasında  vəziyyətin  gərginləşməsindən faydalanaraq, Azərbaycanı NATO ölkələri qarşısında təhlükəsizliyini təmin edə bilməyən ölkə kimi qələmə vermək istəyirlər.

“Əminliklə deyə bilərəm ki, Əfqanıstandan çıxarılacaq hərbi yüklərin daşınması  zamanı yaxınlaşdıqca, Azərbaycanla Ermənistan arasındakı gərginliyin daha da artması üçün mümkün və qeyri-mümkün bütün vasitələrdən istifadə olunacaq” – deyə söhbətləşdiyim hərbi ekspert qeyd edir.

Bir həqiqəti də var ki, Azərbaycan müstəqillyini bərpa edəndən sonra respublikamızıh uğurlarına sevinənlərlə eyni sırada bundan əndişələnənlər də çoxdur. Azərbaycan isə inkişaf edir. İki gün bundan öncə orbitə ilk süni telekommunikasiya peykini buraxmaqla Azərbaycan dünya arenasında İKT sahəsində öz sözünü demək imkanı əldə etdi.
Şübhəsiz ki, Azərbaycan dövlətinin çəkisini və onun uğurlarını qiymətləndirən ekspertlər, siyasətçilər Dağlıq Qarabağ ətrafında xoşagəlməz olaylardan təəssüflərini gizlətmirlər. Ermənistan və separatçı rejimin arxasında gizlənən dövlətlər maraqlıdırlar ki, sərhəd zonalarında erməni hərbçilər tərəfindən  atəşkəs rejimi daim pozulsun, dinc əhali gülləbaran edilsin, əsgərlər öldürülsün, region beynəlxalq aləmdə gözdən düşsün.
İndi gündəmə gətirilən Əfqanıstan-Özbəkistan-Qazaxıstan-Azərbaycan marşrutunda Azərbaycanın vacib ölkə olduğunu, bu yolu ABŞ və NATO üçün ən təhlükəsiz və əlverişli, eyni zamanda az maaliyyə vəsaiti tələb olunan bir marşrut kimi sübut etmək lazımdır.

Aida Eyvazova,
“Azərbaycan Televiziya və Radio Şirkətləri”
QSC-nin Özbəkistan və Mərkəzi Asiya Respublikaları
üzrə xüsusi müxbir postunun rəhbəri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı