Modern.az

Hüquqşünasdan dil açıqlaması: “ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi diqqət yetirməlidir”

Hüquqşünasdan dil açıqlaması: “ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi diqqət yetirməlidir”

Aktual

14 Oktyabr 2015, 11:15

Əvvəllər dil öyrənmək insanların şəxsi arzusuna bağlı məsələ idisə, hazırda bu, məcburiyyət səviyyəsinə qədər “yüksəlib”.

Bu gün ölkədə, xüsusilə paytaxt Bakıda fəaliyyət göstərən dil kurslarının çoxluğu da buna əyani sübutdur. Çünki insanlar yaxşı iş sahibi olmaq üçün müraciət etdikləri ünvanlarda CV təqdim edərkən dil biliyinin keyfiyyəti barədə mütləq məlumat verməli olurlar. Maraqlısı da budur ki, dil bacarıqları peşəyə aidiyyatı oldu-olmadı tələb kimi irəli sürülür.

Bu barədə söhbət açmaqda məqsədimiz heç də dil bilməyin mənfi bir şey olduğunu diqqətə çatdırmaq deyil.

Təbii ki, xarici dil bimək mühüm məsələdir. Sadəcə, xarici dilin Azərbaycanda çalışan, vəzifəsinə aidiyyatı olmayan birinin qarşısında şərt kimi irəli sürülməsi absurddur.

Təsəvvür edin ki, uzun müddət və kifayət qədər pul xərcləyərək dil kurslarına gedirsiz. Yorucu prosesin səbəbi isə iş müddətində sizə heç vaxt lazım olmayacaq xarici dilin müsabiqə şərtlərinə daxil edilməsidir.

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az saytına deyir ki, xarici dil bilmək üstünlükdür, amma bunun əsas şərt kimi irəli sürülməsi qətiyyən yolverilməzdir:

“Özəl, eyni zamanda dövlət sektorunda ayrı-ayrı vakansiya yerlərinin boş olması ilə bağlı elanlar verilir. Əgər dövlət qulluğunda boş yerlər yaranıbsa, bununla əlaqədar siyahı qanunvericiliyə uyğun olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya yönləndirilməlidir.

Komissiya uyğun olaraq müsabiqə elan etməlidir. Müsabiqə test, müsahibə formasında reallaşdırıla bilər. Digər tərəfdən şərtlər, qulluğun təfsilatına uyğun olaraq qoyulmalıdır.

Nəzərinizə çatdırım ki, heç də bütün vakansiyalar üzrə ingilis dili əsas deyil. Amma bəzi vəzifələr var ki, ingilis dili onların ixtisası ilə sırf bağlıdır, ona görə də vacibdir. Məsələn, beynəlxalq şöbə, həmçinin ictimai əlaqələrlə bağlı, xarici dil önəmlidir.

Təbii ki, dil bilmək üstünlükdür. Amma kimsə bilmir və ixtisası üçün o qədər də əhəmiyyəti yoxdursa, şərt kimi irəli sürülməsi doğru deyil. Bərabər şərtlər çərçivəsində seçim zamanı həmin insana üstünlük verilə bilər.  Bütövlükdə aşpazlıq, ofisiantlıq üçün ingilis dilinin tələb olunması yolverilməzdir”.

Hüquq müdafiəçisi bildirir ki, özəl sektora qayda-qanunla bağlı tələb irəli sürmək doğru deyil: “Özəl sektor çalışır ki, daha geniş əlaqələr qursun. Bu səbəbdən də ingilis dilinin müsabiqə şərti kimi irəli sürülməsi mümkündür. Amma elə vəzifələr var ki, insanın ingilis dili bilməsinin əhəmiyyəti yoxdur. Bu şərt kimi irəli sürülürsə, vəziyyəti çətinləşdirməyə xidmət edir. Özəl sektora nəyisə diqtə etmək olmaz. Çünki, özəl sektor prosesi özü idarə edir”.

Ə.Nuriyev qeyd edir ki, bütün bunlara baxmayaraq Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət qurumları, mülkiyyət hüququndan asılı olmayaraq hesabatlarını Azərbaycan dilində təqdim etməlidir:

“Çox təəssüf ki, dövlət müəssisələrində bəzi vəzifəli şəxslər tərəfindən hələ də rus dili dövriyyədədir. Hətta rus dilindən əsas dil kimi istifadə edirlər. Belə hallar təbii ki, yanlışdır, qanunla qadağandır.

Qanun idarəetmə məsələlərinin hamısının Azərbaycan dilində aparılmasını tələb edir. Bu, bilərəkdən şərtlərin çətinləşdirilməsidir. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi bu kimi məsələlərə diqqət yetirməlidir. Çünki, Konstitusiyaya görə də hamı qanun qarşısında eynidir”.

Gülşən RAUFQIZI      

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı