Rusiyanın son zamanlarda aktiv şəkildə rezervlərini artırması bir çox ekspertin, analitikin gözündən yayınıb.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” nəşri yazıb. Məlumata görə, Rusiya prezidenti iqtisadiyyatın dollardan asılılığını azaltmaq üçün qızılla bağlı yeni strategiya hazırlayıb.Qəzet yazıb ki, Kreml iqtisadi böhrana rəğmən, intensiv olaraq Rusiyanın qızıl ehtiyatlarını artırmaq istiqamətində gərin iş aparır.
“Die Welt” bunu dolların dominantlığına qarşı səssizcə həyata keçirilən bir təzyiq kimi xarakterizə edib.
“Yanvar ayında qızıl rezervləri 20 ton artırılıb. Hal-hazırda Rusiyanın qızıl ehtiyatları 300 ton civarındadır. Bu, dolların hakimiyyətinə qarşı səssizcə edilən bir “hücum”dur. Çünki Vladimir Putin qızılı böyük miqdarda və kortəbii şəkildə alır. Əslində isə belə bir addımın heç bir iqtisadi əsası yoxdur”.
Nəşrin əldə etdiyi informasiyaya görə Rusiya Qərbdən asılılığı azaltmaq üçün son bir ildə qızıl ehtiyatlarını 200 ton artırıb. “Putin necə olursa-olsun, dollardan imtina etmək niyyətindədir”,-deyə bildirilib.
Ehtimal edilir ki, Avrasiya İqtisadi Birliyinə üzv olan Qazaxıstan da qızıl ehtiyatlarını artırmaqda israrlıdır.
Aqşin KƏRİMOV