Modern.az

Ala qarğaya da bala gərək...

Ala qarğaya da bala gərək...

Ölkə

12 May 2012, 16:00

Safruh

(İçsəs)

Əzilənin millətçiliyi olmur. Əzilməkdən qurtulmaq istəyi olur. Burada “millətçilik” onun əlindən tutur. Onu zülmə (tapdanmaya) qarşı toparlayır. Aydındır ki, bu halda “millətçiliyə qarşı” olmaq – “azadlığa qarşı” olmaqdır, əzənin yanında durmaqdır. Aydınlığın (ziyalılığın) isə belə bir hədəfi yoxdur.

“Millətçilik” sözünü biranlamlı termin kimi götürüb ona yalnız qara boyada don biçmək normal nəzəri baxış sayıla bilməz.

Əzən millətçilik doğrudan da qaradır – ağ geyinsə də...

İndiki Azərbaycan Respublikasında “millətçilikdən”, öz adıyla desək, “türk millətçiliyindən” rahatsızlanmağı heç vəchlə səmimi duyğu qismində görmək mümkün deyil. Burada o – olmalıdır, ancaq – yoxdur. (Azərbaycan – Bakı şəhərinin bir neçə adamcıq və adacığından ibarət deyil)...

Konkret Elçibəy türkçülüyü (Bəyin qısa sürmüş ölkə başçılığı çağınadək) əslində məcburən dalda-bucaqda yaşanmış ufacıq bir duyğuydu. Ona da bizə çox gördülər!.. Onu və hər hansı bir özümlü duyğunu, hər hansı iradəni, hər hansı bir topluma, yerə (məkana), nəzəri baxışa... yiyə duyğusunu “bizə çox görənlərin” də milləti var axı! Bu məqamda biz yalnız onlara qarşı söz deyənləri Sözçü saya bilərik. Mən, yunanların yanında olub türklərə qarşı döyüşmüş ingilis şairini gəncliyində də alqışlamışdım, indi də alqışlayıram. Eyni motivdən tapdaq altında inləmiş və eyniadlı (“Tapdaq altında” – “Pod iqom”) roman yazmış bolqar yazıçısı İvan Vazovun da ağrılarına ortaq olmuşam. Ötən yüzilin 80-ci illərində Bolqarıstanda türklərin başına o oyunları açmış bolqarları isə bugün o keçmiş zülmə layiq görürəm. “Rusları qıraq, Azərbaycandan qovaq!” deməmişəm. Demərəm. Buna yönəlik iyirmi bir il bundan öncə nəşr olunmuş YOS-umda dediklərim var.

Zərdüşt Əlizadənin müsahibələrində toxunulan dönəmdə biz – əzilən olmuşuq. İndi də eləyik. Deməli, bizi mənfi anlamda millətçi – milliyətçi sayanların sözünü külək qismində görmək bizim haqqımızdır.

Millətçilik cürbəcür olur. Rus millətçiliyini götürək. Bəlli dönəmdə o, özünə “rus” demirdi, “sovet” deyirdi, onbeş – iyirmibeş – otuzbeş millətə də “ruslaş” demirdi, “sovetləş” deyirdi. Ancaq soveti ət maşınının bu üzündən qoyurdun – o üzündən rus çıxırdı – M.Ə.Sabirin, Mirzə Cəlilin “rusbaşlarından” tutmuş, bugünkü mətbuatımızın Annagi Sima xanımlarına qədər. (Sözgəlişi, bu da bir maraqlıdır ki, xanımın yazıları rus dilində verilir, ad-soyadı azəri dilində: Sima Ənnağı. Azərbayan dilində buna “vokruq da okolo” deyirlər).

Yaxud fars millətçiliyini götürək. Orada millətlərə “farslaş” demirlər, “iranlaş” deyirlər. İranlaşanlarsa – farslaşırlar... Və bunu istəmirlər. Öz milli sifətlərini istəyirlər...

Eləcə də Türkiyədə...

O ki qaldı aşırı millətçilərə, onlar soyqırıma (“genosidə”) can atanlardır. İraq olsun! Öz başlarında çatlasın!

Mən, öz bölgəmiz üçün, rus və fars millətçiliyini, şərti olaraq, Qara qarğaya bənzədirəm, onların asılılığında olanları Ala qarğaya. Ay “millətçiliyi xalqın bir nömrəli bəlası sayanlar” (Allah, uzaq elə!), axı Ala qarğa da bala çıxarmaq istəyir!

Qaldı “istənilən ölkədə millətçilər hakimiyyətə gələndə millətin başına bəlalar gəlməsinə” – bu, bütün dünyada gedən Dövlət – Millət xirtdəkləşməsi kontekstində doğru görmədir, ancaq bunun suçu millətçilərdə deyil, adətən, Qara qarğalarda olur. Elmi – fəlsəfi – ictimai vicdanı olan Sözçü bunu deyərsə, havaların aydınlaşmasına, suların durulmasına xidmət etmiş olar.

Burada başqa bir məqam da var. Məncə, çox uzağa və dərinə gedən məqam. Mən ona “Qoruyucu və Qurucu Millətçilik” deyərdim. Bu Millətçilik Yurd və Ulus şəxsində insanın bəşəri simasına xidmət eləyir, insanın ayaq üstə qalmasına yardımçı olur; millətsizlik (sanki “dövlətçilik”!) şəraitində insan bu dayağı itirir. Ona görə də millətə və bu tip millətçiliyə qarşı çıxmaq – yeni zamanın qaragüruhçuluğudur. Özünə siyasi opponent saydıqlarının ünvanına “saxtakar”, “lotu” kimi sözlər fırladılması da mənim bu gümanımı gücləndirir.

Doğruçu və, zənnimcə, həm də etkili tənqid – meyar əsasında aparılır – doğruluğu öyrənilmiş obyektiv meyar əsasında (“xoşum” ayrıcı, “özüm – özgə” ayrıcı əsasında yox).

Mən millətçiliyi “insanı simada saxlayan meyar” deyə dəstəkləyirəm. “Sima” – ruhani haldır – millətin və insanın özü kimi. Bəs o millətsiz (simasız) adamı nə, hansı meyar ayaqda saxlayacaq?..

Mən bu yazını “Türküstan qəzeti”nin qurucusu və yönətim başqanı Tofiq Seyidin “Zərdüşt Əlizadənin köhnə bayatıları” adı ilə öz qəzetində

(22-28 aprel 2012, N42 səh. 9) dərc etdirdiyi müsahibəsi əsasında qaraladım. İstəyim də Tofiq bəyi dəstəkləmək deyil (yazımdan o sonuc alınsa da). T.Seyid əqidəcə millətçidir. Mən Mütləqə İnamçı – İnsançıyam. Tofiq bəy burada bəlkə də öz keçmiş Cəbhədaşı ilə fikir ayrılığına reaksiya bildirib – hətta deyərdim ki, çəkingən-nəzakətli bir reaksiya. Zərdüşt bəyin atdığı daşın bir qəlpəsi də mənim idealımın (əqidəmin) bostanına düşdüyündən, mən o qəlpəni götürüb qırağa atmaq istədim.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı