Modern.az

Daha bir vətəndaş Səbailin keçmiş icra başçısından prezidentə şikayət etdi

Daha bir vətəndaş Səbailin keçmiş icra başçısından prezidentə şikayət etdi

Ölkə

17 Oktyabr 2012, 17:56

Füzuli rayonundan olan məcburi köçkün Rəsulov Möylənverdi Qəməddin oğlu ölkə prezidenti İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya müraciət edib.

Modern.az xəbər verir ki, müraciətində o, Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun və onun qardaşı Zülfüqar Məmmədovun əməllərindən şikayətlənib. Bildirib ki, Məmmədov qardaşları onun Səbail rayonunun Badamdar qəsəbəsindəki torpaq sahəsini zorla ələ keçirmək istəyirlər.

Möylənverdi Rəsulovun müraciətində deyilir ki, 1993-cü ildə Füzuli işğal olunandan sonra 11 nəfər üzvü olan ailəsi məcburi köçkün düşüb və Bakıda, əmilərinin Pişəvəri küçəsindəki evində, ikiotaqlı mənzildə yaşayıblar. Həmin il o, Bakının Səbail rayonunun Badamdar qəsəbəsində torpaq sahəsi almaq qəsəbə icra nümayəndəliyinə müraciət edib.

Bundan sonra Bakı şəhərində qeydiyyatı olan dayısı oğlu Məmmədov Tofiq Yaqub oğlunun adına Badamdarda torpaq sahəsi almaq qərarına gəlir və bunu Tofiqlə razılaşdırır. Dayısı oğlu Tofiq Məmmədovun adına verilən 689 saylı sərəncamı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Məmmədov 19 may 1999-cu il tarixində imzalayıb.  

“Amma təəssüflər olsun ki, 1999-cu ildə İcra Hakimiyyətinin başçısı kimi özü qol çəkib bizə torpaq sahəsi ayrılmasına sərəncam verən Rüstəm Məmmədovun qardaşı Zülfüqar Məmmədov hansısa vasitələrlə torpaq sahəsimizi başqa adamların adına sənədləşdirərək mənimsəyib. Zülfüqar Məmmədov bizə məxsus torpaq sahəsinə başqa adamların adına sənədləri 2011-ci ildə alıb.
2012-ci ilin avqust ayının 22-də oğlum Elman Bakıdan telefonla zəng edib mənə dedi ki, bizim həyətyanı sahəmizə, mənim tikdirdiyim daş hasara darvaza quraşdırılır. Səhəri gün, avqustun 23-də mən Bakıya gəldim. Vəziyyət haqda gedib şifahi şəkildə Səbail Rayon Prokurorluğuna şikayət etdim. Məni dinlədilər və Səbail Rayon İcra Hakimiyyətinə zəng vurdular. Məni rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin yanına göndərdilər”.
Ordan da şikayətçini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndəriblər..

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində şikayətçiyə deyiblər ki, həmin torpaq sahəsinə 2 qadının adına sənəd – çıxarış alınıb.
“Gəlib Qurban müəllimə vəziyyət haqda məlumat verdim. O mənə dedi ki, bizdən heç bir şey asılı deyil və gedin prokurorluğa şikayət ərizəsi verin. Hazırda prokurorluqda təhqiqat gedir. Bundan bir müddət sonra mənə Badamdarda sözügedən ərazinin müvəkkili, polis kapitanı İmdad vasitəsilə hədə-qorxu gəlməyə başladılar və mənə dedilər ki, camaatın qoyduğu darvazanı niyə uçurtmusan?”.

Bundan sonra şikayətçi köçkünü Zülfüqar Məmmədov  çağırtdırıb.

“Zülfüqar gəlib dedi ki, mən bu sənədi iki qadından almışam. Sənədi istədim, vermədi. Sonra vəkilim vasitəsilə surətini aldıq. Məlum oldu ki, mənim torpağıma 2 adamın adına sənəd çıxarılıb. Sənədlərdən biri Amus Tərbrizli Solmaz Səlim, digəri isə Alıyeva Bahar Əli qızının adına alınıb və vəkalətlə Zülfüqar Məmmədova verilib. Sonradan öyrəndim ki, Məmmədov qardaşları tək mənim yox, başqalarının da başına bu oyunu açıblar. Onlar mübhəm yollarla sənədlər düzəldir və vətəndaşların torpaq sahələrini zəbt edirlər. Mən hesab edirəm ki, bunların hamısı Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, yəni artıq dövlətin etimadını itirmiş Rüstəm Məmmədovun öz qardaşları ilə birlikdə xalqı dövlət və dövlətçiliyə qarşı qaldırmasından, vətəndaşları narazı salmasından başqa bir şey deyil. Mən neçə illər Rusiya çöllərində işləyib qəpik-qəpik yığdığım pullarla aldığım daşları, torpağı, halal mülkümü Məmmədov qardaşlarına, Rüstəm və Zülfüqar Məmmədovlara necə verim?! Bildirmək istəyirəm ki, mən 26 dekabr 2005-ci il tarixində Səbail Rayon Bələdiyyəsindən torpaq alqı-satqısına dair 342 saylı akt da almışam. Torpağın cizgisini çəkdirmişəm, dövlət rüsumu ödəmişəm. Bunların hamısını təsdiqləyən sənədlər var. Bəs bu halda necə olur ki, birdən-birə mənim ərazimdə Zülfüar Məmmədov peyda olur? Bu zamanadək o, harada idi? Bütün qonşularım da bilir və təsdiqləyir ki, bu torpaq sahəsi kimindir? Artıq mənim 5 qonşum (onlar birbaşa hasar qonşularımdır), 11 il qabaq torpaq sahəmizdə iş aparmış kran sürücüsü və daha bir Badamdar sakini birlikdə akt bağlayaraq imzalayıblar. Onlar sözügedən torpaq sahəsinin mənə aid olduğunu, burada mənim uzun illər abadlıq və tikinti işləri apardığımı öz imzaları ilə təsdiq ediblər.
Hörmətli cənab Prezident! Xahiş edirəm: Rüstəm və Zülfüqar Məmmədov qardaşlarının mənə qarşı yönəlmiş cinayət hərəkətlərinə son qoyulması və bu qanunsuzluqların aradan qaldırılması üçün müvafiq göstəriş verəsiniz”-deyə M. Rəsulov müraciətnidə yazıb.

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı