Modern.az

Türk dünyasının birliyinə doğru – Yeni mərhələyə başlayır

Türk dünyasının birliyinə doğru – Yeni mərhələyə başlayır

Aktual

26 İyun 2022, 17:45

2020-ci ilin Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə edir.

 

Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri, beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsir göstərir.

 

Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə canlanma müşahidə olunur.

 

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-22-də Özbəkistana rəsmi səfəri iki ölkə münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Səfər zamanı müxtəlif sahələr üzrə müzakirələr aparıldı, Özbəkistanla əlaqələrə yenidən nəzər salındı.

 

Bundan əlavə, Prezidentin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin köklərə dayanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. 

 

Dövlət başçısının səfərin son günündə səsləndirdiyi "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacaq" mesajı təkcə iki ölkənin deyil, Türk dünyasının birliyi yolunda böyük addımın atıldığını göstərir.

 

 

Prezidentin tarixi səfərindən danışan Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Anar İsgəndərli xatırladıb ki, tarix boyu Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla çox səmimi münasibətlər qurub. İpək yolunun üzərində yerləşən bu xalqlar bir-biri ilə ticarət əlaqələrində olub:

 

“Elmi baxımdan xilafətin hansı görkəmli elm və din xadimləri olubsa, onların əsərləri Azərbaycana gətirilib və ya azərbaycanlı elm adamlarının əsərləri Orta Asiyaya aparılaraq tədris olunub. Sovet dönəmində Azərbaycanla Özbəkistan arasında elmi əlaqələr yüksək səviyyədə olub. Azərbaycan pambıqçıları ilə Özbəkistan pambıqçılarının təcrübə mübadilələri olurdu, həm də onlar arasında “sosializm yarışı” keçirilirdi.

 

Tarixin sonrakı məqamlarında 1930-cu illərin repressiyaları zamanı azərbaycanlı elm və din xadimləri Qazaxıstana, Özbəkistana, Orta Asiyaya sürgün olunmuşdular. Həmişə özbəklər, Özbəkistan dövləti tərəfindən həmin sürgün olunan şəxslərə isti münasibətdə olub. Bu gün də Özbəkistandan minlərlə on minlərlə azərbaycanlı yaşayır”.

 

Deputat qeyd edib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında Ulu Öndər Heydər Əliyev və İslam Kərimovun xüsusi rolu olub:

 

“Həmin dövrdə münasibətlər yüksək xətlə inkişaf edib. Özbəkistanda Heydər Əliyev Meydanı yaradılıb Tale elə gətirib ki, mən də Özbəkistanda, o cümlədən Buxara, Xivə, Daşkənd şəhərlərində olmuşam. Sonuncu dəfə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə ora səfər etdik. Dövlət və hökumət rəsmiləri tərəfindən qəbul edildik. Bu iki xalq qədər bir-birinə dərin hörmət edən, musiqisinə, elminə hörmət edən başqa xalqlar yoxdur, buna bir daha əmin olduq”.

 

Anar İsgəndərovun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistana səfərləri Azərbaycan dövlət başçısının yüksək özbək hərarəti ilə qəbul olunması, Heydər Əliyevin adını daşıyan meydanın açılması göstərir ki, türk dünyasında əvəzsiz xidməti, xüsusi rolu və nüfuzu olan Özbəkistan-Azərbaycan dostluğu, qardaşlığı tarix boyu hökm sürüb və bu gün də ən yüksək səviyyədə inkişaf edir.

 

“Mən əminəm ki, türk birliyinin möhkəmlənməsi üçün bir tərəfdən Türkiyə Cümhuriyyəti, Azərbaycan və Özbəkistan əlindən gələni edir ki, vahid mədəniyyətin daşıyıcısı olan bu xalqlar dünyanın inkişafında töhfəsini verə bilsinlər. Azərbaycanla Özbəkistan dost və qardaş dövlətdir, vahid dilə və dinə sahibdir. Bu inkişaf gələcəkdə öz bəhrəsini verəcək”, - deyə deputat Azərbaycan-Özbəkistan dostluğunun tük dünyası üçün tarixi əhəmiyyət daşıdığını sözlərinə əlavə edib.

 

 

Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədovun fikrincə isə, prezidentin Özbəkistana səfəri zamanı imzalanmış 20-dək sənəd Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir:

 

"Bu baxımdan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. Bu sənəd iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək, əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

 

Səfərin əhəmiyyətini artıran digər bir məsələ Prezident İlham Əliyevi Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsidir. Hələ 1997-ci ildə ulu öndər Heydər Əliyev Özbəkistana səfər etmiş, bir sıra mühüm sənədlərin imzalanmasına nail olmuşdu. Heç şübhəsiz ki, Daşkənddə Heydər Əliyev Meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir.

 

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Özbəkistan bir sıra beynəlxalq platformalarda da sıx əməkdaşlıq edirlər. BMT, İƏT, TDT çərçivəsində Özbəkistan hər zaman Azərbaycanın Qarabağla bağlı haqq işini dəstəkləyib. Azərbaycan xalqı bunu hər zaman yüksək qiymətləndirib".

 

Deputat vurğulayıb ki, Azərbaycanla Özbəkistan hərbi və hərbi-texniki sahədə də əməkdaşlığı inkişaf etdirəcəklər: "Bu baxımdan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” xüsusi əhəmiyyət daşıyır. Bu qeyd olunan sahədə iki ölkə arasında əlaqələrin gücləndirilməsinə ciddi töhfə verəcək.

 

Tərəflər nəqliyyat-logistika sahəsində əməkdaşlığın daha da gücləndirilməsini də planlaşdırırlar. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in imzalanması bu məqsədə xidmət edir. Əslində bu sahədə də iki ölkənin imkanları kifayət qədər genişdir. Qarşıda duran əsas hədəflərdən biri bu əməkdaşlığı daha da gücləndirməkdir. İki ölkə liderləri sənaye və investisiya sahəsində də əlaqələri inkişaf etdirməyi planlaşdırırlar. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş” bu baxımdan xüsusi əhəmiyyətə malikdir".

 

C.Məmmədov söyləyib ki, Özbəkistan Qarabağda həyata keçirilən abadlıq və quruculuq işlərində də iştirak etmək niyyətindədir: "2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. Üç hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi artıq müəyyənləşdirilib, ilkin işlərə başlanılıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir. Azərbaycan xalqı bu doğma münasibəti yüksək qiymətləndirir".

 

 

Azərbaycan və Özbəkistan arasında imzalanan Strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannaməni xatırladan millət vəkili Azər Kərimli isə qlobal xarakter daşıyan bəyannamənin ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırdığını düşünür:

 

“Bəyannamədə yer alan bir sıra məqamlar, o cümlədən hər iki ölkənin xarici siyasətinin prioritetlərinin vurğulanması, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsinin ifadə olunması, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilməsi qarşıya qoyulan ortaq hədəflərin strateji əhəmiyyətindən xəbər verir”.

 

Azər Kərimli qardaş Özbəkistanın Azərbaycanın haqq işində dövlətimizin və xalqımızın yanında olduğunun heç zaman unudulmayacağını və qarşılıqlı münasibətlərdə mühüm stimullaşdırıcı faktor kimi rol oynayacağını diqqətə çatdırıb:

 

“Cənab Prezident də öz nitqində Özbəkistanın Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına, həmçinin Özbəkistan Prezidentinin Azərbaycanı 44 günlük Vətən müharibəsində qələbə münasibətilə təbrik etməsinə də diqqət çəkdi və qeyd etdi ki, Azərbaycan ərazi bütövlüyünün bərpası işində, ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyi Azərbaycan xalqı üçün çox qiymətlidir və ikitərəfli münasibətlərin tarixində unudulmaz hadisədir. Bu baxımdan, Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru aparılmasını hədəfləyən siyasi qərarlar, əslində Azərbaycan və Özbək xalqlarının milli iradəsini ifadə edir və sosial sifarişin yerinə yetirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilməlidir”.

 

Parlamentari Özbəkistan Prezidentinin də öz nitqində qarşılıqlı münasibətlərin tarixi və bu günü haqqında önəmli məqamlara toxunduğunu, özbək xalqının azərbaycanlı qardaşlarına olan dərin sevgisini və ehtiramını ifadə etdiyini bildirib:

 

“Özbəkistan Prezidenti İlham Əliyevin dahi atasının işini davam etdirdiyini və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdiyini vurğuladı. Bu olduqca önəmli bir mesajdır və Özbəkistanın Azərbaycanla münasibətlərinə nə qədər böyük önəm verdiyini, səmimi dostluq, qardaşlıq münasibətlərinin inkişafında maraqlı olduğunu təsdiqləyir. Şübhə etmirəm ki, bu səmimi dostluq və qardaşlıq Azərbaycan-Özbəkistan əlaqələrini ən yüksək səviyyəyə qaldıracaq və xalqlarımızın rifahı, dövlətlərimizin təhlükəsizliyi üçün mühüm qərarların qəbul və icra edilməsinə vəsilə olacaqdır”.

 

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı