Modern.az

Kəlbəcərlilər Zəfər Gününü qeyd ediblər

Kəlbəcərlilər Zəfər Gününü qeyd ediblər

Current

5 Noyabr 2022, 10:30

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs”  ilə birlikdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, əvvəlcə Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirdi ki, Müzəfər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində düşmənə ağır zərbələr vuraraq öz torpaqlarını 30 ilə yaxın davam edən işğaldan azad edib. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünün tam təmin edilməsinə nail olub. Hər bir azərbaycanlının qürur və fəxr mənbəyi olan milli ləyaqətimizi özümüzə qaytardı, başımızı dik tutmağımıza imkan yaratdı.

 

H.Misirov çıxışında şəhidlərimizin müqəddəs qanı hesabına qazanılmış qələbənin heç zaman xalqımızın yaddaşından silinməyəcəyini vurğulayıb.

 

O, qeyd edib ki,44 günlük Vətən müharibəsində döyüş meydanında qəhrəmanlıq göstərən hərbçilərimiz arasında səhiyyə işçiləri, hərbi həkimlər də olub. Onlar həyatlarını təhlükə altına ataraq yaralılara tibbi yardım göstərib və bir çoxu qəhrəmanlıqla şəhid olublar.

 

“Kəlbəcər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs”in direktoru Ənvər İmaməliyev çıxış edərək bildirib ki, 27 sentyabrdan dövlətçiliyimizin və hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanıb. Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğ­runda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yaz­dı. Bunun adı Vətən Müharibəsi oldu, qələbə salnaməsi kimi tariximizə yazıldı. Hər sahədən olduğu kimi, tibb işçilərimiz də Vətənin çağırışına səs verərək könüllü cəbhəyə yollandılar, şərəflə xidmət etdilər. Səhiyyə işçiləri əsil qəhrəmanlıq və öz peşələrinə sədaqət nümayiş etdirərək həm ön, həm də arxa cəbhədə yüzlərlə yaralı hərbçimizi həyata qaytardılar. Təəssüf ki, öz vəzifə borclarını yerinə yetirən zaman həkim və tibb işçiləri arasında şəhidlərimiz də oldu. Onların xatirəsi daim bizim üçün əziz olacaq.

 

Ərazi Partiya təşkilatının sədr müavini, mühasib Əfsanə Məmmədova çıxış edərək bildirib ki, sentyabrın 27-də başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

 

Cənab İlham Əliyev tarixə həm qurucu, islahatçı Prezident kimi, həm də Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi düşdü. Bütün uğurlarımızla yanaşı, tarixi Qələbə və Zəfərimizə görə də Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımızı bildirərək, Şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

 

Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən 44 günlük Vətən müharibəsində  iştirak etmiş tibb işçilərinə və ictimai proseslərdə aktiv olan partiya fəallarına diplomlar təqdim olundu.Həmçinin “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs”in direktoru tərəfindən xəstəxananın əməkdaşı şəhid atası Heydərov İsmayıla Fəxri Fərman təqdim edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı