Modern.az

Azərbaycanda 50 min nəfərə Prezident təqaüdü kəsilib

Azərbaycanda 50 min nəfərə Prezident təqaüdü kəsilib

Ölkə

17 İyul 2014, 12:26


Modern.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev ölkədə Prezident təqaüdü kəsilənlərin sayını açıqlayb.

O, bildirib ki, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən, Prezident təqaüdləri təyin olunmuş şəxslərin sayı cari ilin 1 iyul tarixinə 50 min nəfərə yaxındır.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli fərmanına əsasən,  I qrup əlilliyə görə sosial müavinət alan 14904 nəfərə də cari ilin 01 aprelindən etibarən aylıq 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilir. Bununla da həmin şəxslərə I qrup əlilliyə görə aylıq 67 manat və eyni zamanda aylıq 60 manat Prezident təqaüdü, artıq ümumilikdə 127 manat ödənilir ki, bu da yaşayış minimumunu üstələyir.

Hesabat dövründə müharibə əlillərinin sosial müdafiəsi daha da gücləndirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, cari ilin 01 aprel tarixindən müharibə əlili  və onlara bərabər tutulanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta aylıq məbləği 50 faizə yaxın artırılaraq I qrup müharibə əlillərinə 110 manatdan 150 manata, II qrup müharibə əlillərinə 85 manatdan 130 manata, III qrup müharibə əlillərinə isə 60 manatdan 100 manata çatdırılıb. Bununla da ümumilikdə 18262  nəfər bu kateqoriyadan olan şəxsin sosial vəziyyətinin daha da yaxşılaşmasına nail olunub.

1941-1945-ci illər Böyük Vətən müharibəsində  iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə təyin edilən  Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği də Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il Sərəncamı ilə 55 manatdan 100 manata çatdırılıb. Bununla yanaşı, Azərbaycan Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olanların və şəhidlərin övladları növbəti tədris ilindən təhsil haqqının ödənilməsindən azad ediliblər.

Xidmət rəisi son 6 ayda respublikada aylıq və birdəfəlik sosial müavinət, təqaüd və kompensasiyaların ödənilməsi üçün ümumilikdə 145,4 milyon manat vəsait xərcləndiyini diqqətə çatdırıb.  Bu ötən illə müqayisədə 27,3 milyon manat və ya 23,3 faiz çoxdur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı