Modern.az

“Yeni SSRİ”nin Qarabağ siyasəti - TƏHLİL

“Yeni SSRİ”nin Qarabağ siyasəti - TƏHLİL

تحصیلات

20 Oktyabr 2014, 08:13

Dağlıq Qarabağ probleminin nizamlanması geosiyasi şərtlərin diktəsi ilə özünün yeni mərhələsinə qədəm qoyur. Təbbi ki, böyük dövlətlərin və regiondakı oyunçuların maraqlarının toqquşduğu bir fonda bu məsılınin hansı müstəvidə öz həllini tapacağı perspektivi bir sıra suallar doğurur.

Lakin öz çılpaqlığı ilə tam bəlli olan bir məqam var ki, bu da Azərbaycanın Qarabağ problemi ilə bağlı tutduğu prinsipial və dəyişməz mövqeyidir. Rəsmi Bakının Qarabağ danışıqlarında sərgilədiyi haqlı və ədalətli dirəniş fonunda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Rusiya, ABŞ və Fransanın dəyişən üstün mövqeləri kəmiyyət etibarı ilə mürəkkəbliyə doğru gedir.

Keyfiyyət baxımından isə demək olar ki, hələlik danışıqlarda nəzərçarpan bir irəliləyişə nail olunmayıb. Yalnız danışıqlar prosesi intensiv xarakter alır, amma nədənsə rəsmilər sülh müzakirələri ilə bağlı da ürəkaçan açıqlamalar vermirlər.   Cənubi Qafqazın əsas və mürəkkəb labirintli münaqişəsi olan Dağlıq Qarabağ probleminin tənzimləməsinə dair siyasi kuluarlarda təşşəbbüsün Minsk Qrupunun hansı dövlətin əlinə keçməsi barədə müxtəlif fikirlər səsləndirilir.

Görünən odur ki, həqiqətən də siyasi şərtlərin dəyişməsindən asılı olaraq Qarabağın açarı həm Rusiyanın, həm Fransanın, həm də ABŞ-ın əlinə keçə bilər. Rusiya dövlər başçısı Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü, ardından ABŞ-ın planı olan Uels müzakirələri Dağlıq Qarabağla bağlı böyük güclərin gərgin mübarizə apardığını göstərdi.  

Dağlıq Qarabağ ətrafında yaranmış siyasi burulğanlar Fransanı da uzunmüddətli passivlikdən əl çəkməyə vadar etdi. Oktyabr ayının sonunda Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçılarının Paris görüşünün baş tutacağı gözlənilir.  

Lakin yenə də Qarabağ probleminin həllinin rıçaqının əsasən bu üç dövlətdən hansının əlində olmasını birmənalı söyləmək olmaz. Çünki ABŞ və Fransa Qafqaz siyasətini nə qədər öz maraqları çərçivəsində qurmaq istəsələr də, bu regiondakı əsas oyunçu Rusiya ilə baş-başa gəlmək risklərinə gedə bilməzlər.

Heç şübhəsiz ki, Vladimir Putinin Ukrayna məsələsində tutduğu işğalçı mövqeyə görə Qərbin Rusiyaya  tətbiq etdiyi sanksiyaların ağırlığına tab gətirməkdə çətinlik çəkən Kremlin Qarabağ probleminin həllində nə qədər aktiv olması sual doğura bilər. Ancaq o da məlumdur ki, Rusiya sanksiyalar və iqtisadi böhran girdabında boğulsa da, Cənubi Qafqazla bağlı iddialarından əl çəkməyəcək.

Ən azından Kremlin Gürcüstan və Ukrayna hadisələrindəki hərbi-siyasi həmlələrini yada salmaq kifayət edər ki, bunun da Qərb dairələrini Qarabağ məsələsində daha ehtiyatlı və loyal davranmağa vadar edəcəyi şübhəsizdir. Azərbaycan torpaqlarını işğal edən Ermənistanın Rusiyanın hərbi-siyasi və iqtisadi əsirinə çevrilməsi amilini də nəzərə alsaq, Qarabağla bağlı düyünlərin açılmasının çətinləşdiyini deyə bilərik. Ermənistanın 2015-ci ilin ilk aylarından fəaliyyətə başlaması gözlənilən, Kremlin “Yeni SSRİ” layihəsi hesab olunan Avrasiya İqtisadi İttifaqına qoşulmasını da bura əlavə etsək, Qərbin Qarabağ siyasətində redaktələr aparması zərurəti ortaya çıxacaq.

Lakin siyasi dairələrdə belə fikirlər də səsləndirilir ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olsa, guya Qarabağ problemi özünün ədalətli həllini tapacaq. Belə bəyanatların rəsmi səviyyədə Rusiya tərəfindən verilməsini ilk növbədə şirnikləndirici vədlər kimi xarakterizə etmək daha rasional və doğru olardı. Ona görə ki, indiki şəraitdə Rusiyaya sanksiyalardan boğulan iqtisadiyyatını dirçəltmək üçün Azərbaycandan yaxşı tərəfdaş tapa bilməz. Buna görə də Rusiya Azərbaycanı özünün bölgədə yeni siyasətinin əsası olan Avrasiya Birliyində də görmək istəməsi normaldır. Lakin Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, öz müstəqilliyi və suverenliyini təhlükə altına alan oyunlara getməyəcək. Lap Azərbaycanın Avrasiya İttifaqına üzv olsa və Qarabağ problemi özünün həllini tapsa belə, Rusiya Bakıdan bunun qarşılığını istəyəcək.

 

 Bəs bu tələblər nə ola bilər?

İlk növbədə strateji məntəqədə yerləşən Azərbaycanda Rusiya hərbi bazalarının yerləşdirilməsi gündəmə gələ bilər.

İkincisi, Azərbaycanın Rusiyanın siyasi təsiri altında xarici kurs götürməsi məsələsi də bu ambisiyalar siyahısında yer ala bilər. Lakin Azərbaycan heç bir zaman belə güzəştlərə getməklə ölkə üçün ciddi təhdid yaradan addımları reallaşdırmaz. Azərbaycan siyasi rəhbərliyinin ardıcıl bəyanatlarından da bunun şahidi oluruq. Bakı dünyada və regionda gedən siyasi gərginliklərdə tərəf tutmur, əksinə milli maraqları çərçivəsində Qərblə Rusiya arasında strateji seçim qoymadan  ikitərəfli münasibətlərin inkişafına üstünlük verir.  

Bir sözlə, Azərbaycan şirnikləndirici və xoşagəlimli açıqlamalara aldanmaq niyyətində olmadığını konkret şəkildə nümayiş etdirir. Bakının hakimiyyət kuluarları Dağlıq Qarabağ münaqişəsinin heç vəchlə siyasi alver predmeti olmayacağını bildirməklə, bir daha Azərbaycanın prinsipiallığını açır və istər Rusiya, istərsə də Qərbə mesajlar verir.   Avrasiya İqtisadi İttifaqında Azərbaycanın təmsil olunacağı təqdirdə belə, Kreml tərəfindən Qarabağ ətrafında yaranmış kilidə açar vuracağı real görünmür. Bu gün Ermənistan siyasi hakimiyyəti bütün qapılarını Kremlin üzünə açaraq iqtisadiyyatını, hətta ölkənin müstəqilliyini və suvrenliyini də risk altına qoyaraq Rusiyanın oyuncağına çevrilib. Bəlkə də bu səbəbdəndir ki, Qərbdən əlini üzən və onsuz da Rusiyanın faktiki əlaltısı olan  Ermənistan Dağlıq Qarabağ problemini öz maraqları çərçivəsində siğortalamaq üçün Avrasiya İttifaqı təşkilatına üzv oldu.   

Azərbaycan isə Ermənistandan fərqli olaraq Rusiyanın sözü ilə nə hərəkət etmək, nə də Qarabağ probleminin bazarlığa çıxarmaq niyyətindədir.

Müşahidəçilər hesab edir ki, Kremlin  Rusiyanın Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski timsalındakı Azərbaycanla bağlı siyasətində “dönüş” etməsi müvəqqəti və manipulyasiyadır. Hər halda, Azərbaycan siyasi çevrələri də bunu anlamamış deyillər.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı