Modern.az

10 dəqiqədə 4 ölüm – Lerikdəki faciənin DETALLARI

10 dəqiqədə 4 ölüm – Lerikdəki faciənin DETALLARI

24 Aprel 2023, 11:04

Ötən gün Lerik rayonunun Tikəband kəndində bir ailənin 4 üzvünün ölümünə səbəb olan bədbəxt hadisənin təfərrüatı məlum olub.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, 4 nəfərin elektrik cərəyanından ölümü cəmi 10 dəqiqə ərzində baş verib.

 

Belə ki, Sərnaz Tahirovanın yaşadığı evdə su problemi yaranıb. Qadın yaşayış sahəsini su ilə təmin edən nasosun işləyib-işləmədiyini yoxlamaq istəyib. Bu zaman S.Tahirovanı elektrik cərəyanı vurub və o, su hovuzuna düşüb.

 

S. Tahirovanın illərdir yataq xəstəsi olan həyat yoldaşı Məhəmməd Tahirovu ziyarətə gələn qızı Almagül Tahirova həyətlərinə çatanda anasının hovuzda olduğunu görüb. Qadına yardım etmək üçün suya düşən A.Tahirovanı da “tok” vurub.

 

Almagül Tahirovanın yanında olan nəvəsi ev istiqamətində qaçaraq Şəfa Mirzəyevanı çağırıb. Adıçəkilən qadın hovuza düşən şəxsləri xilas etmək istəyərkən onu və 10 yaşlı qızını cərəyan vuraraq öldürüb.

 

Hadisə nəticəsində ölən şəxslər 1941-ci il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B-dır (azyaşlının ad və soyadı şərtidir). Onlar bir ailənin üzvləridir. 

 

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok