Modern.az

Dünya dollardan imtina edir – Bəs Azərbaycan? 

Dünya dollardan imtina edir – Bəs Azərbaycan? 

İqtisadiyyat

4 May 2023, 12:40

ABŞ və Avropa İttifaqı ölkələri Rusiyaya Ukraynada müharibəyə başlamasından dərhal sonra iqtisadi, siyasi sanksiyalar tətbiq etməyə başlayıb. Rusiya iqtisadi sanksiyalara cavab olaraq, neft və qaz satışını dollarla həyata keçirməkdən imtina edərək rublla ödənişə keçib. Moskvanın sanksiyalarla mübaribə apardığı məqamda bir sıra ölkələr dollardan imtina qərarı verib. 

 

Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun icraedici direktoru Kristalina Georgiyeva bildirib ki, dünya dollardan tədricən imtina etməyə başlayıb. O, dollardan istifadənin perspektivlərindən danışaraq, bu məsələnin narahatlıq doğurmadığını deyib: “Dollardan tədricən imtina var, lakin mən buna alternativ görmürəm. Bu, ən azı yaxın vaxtlarda olmayacaq”.

 

Bəs Azərbaycan da dollardan imtina edəcəkmi? Bununla bağlı gözləntilər nələrdir? 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın dollardan imtina üçün səbəbinin olmadığını bildirib:

 

“Azərbaycan niyə dollardan imtina etsin? Azərbaycan xaricə neft və qaz satır. Neft və qazın böyük hissəsi, demək olar ki, tamamına yaxını dollara satılır. Azərbaycan dollardan imtina etsə, neftini, qazını hansı valyuta ilə satacaq? Dünyada bütün kreditlərin, neft və qaz kreditlərinin müqavilələrinin bağlanması dollar üzərindəndir. Yəni bunun Azərbaycana başqa heç bir aidiyyəti yoxdur. Azərbaycan başqa ölkələrlə, daha çox Rusiya ilə ticari münasibətlərin gələcəkdə formalaşdırılmasında və ya pul köçürmələrində daxili valyutalara keçmə qərarı ala bilər”.

 

İqtisadçının fikrincə, dollardan imtina edən ölkələrin müxtəlif bəhanələri var:

 

“Dollardan imtina edən ölkələrin, əslində, müəyyən bəhanə və əsasları var. Bu barədə Rusiya, Çin və Hindistan danışır. Bunların Rusiya ilə əməliyyatlarda pul köçürmələrində dollardan istifadəsi zamanı müəyyən məhdudiyyətlər və problemlər yaranır. Dollardan imtina ilə bağlı çox danışan tərəf Rusiyadır. Tutaq ki, Rusiya dollardan imtina edir. Onsuz da bunun əvəzində konvertləşdirilmiş valyuta olmalıdır. Bu ya yuan, ya da avro olacaq. Başqa yol yoxdur. Rusiya dollardan imtina edib, yuandan asılı vəziyyətə düşsə nə dəyişəcək. Ona görə də şirkətlər öz aralarında milli valyutalarda müqavilələr bağlayırlarsa, mütləq o qiymətləri hansısa  konvertləşdirilmiş valyutada - dollarda, avroda, yuanda, frankda, funt-sterlinqdə sığortalayırlar”.

 

N.Cəfərli bunun çarpaz məzənnə problemi yaratdığını qeyd edib:

 

"Tutaq ki, iki ölkə öz aralarında milli valyuta ilə hansısa məhsulun alınmasında razılaşır və məhsul iki ay sonra təhvil verilməlidir. Bu müddət ərzində milli valyuta dəyərdən düşsə, onda nə olacaq? Biznes yanmayacaq ki, onlar milli valyutalarla alış-verişləri razılaşdırsa da, müqavilələrdə digər beynəlxalq valyutada sığortalanmış və təsbit olunmuş qiymətlər olur. Milli valyutaya keçid məsələsi piara, siyasi bəyanatlara xidmət edir. Məsələn, iki ay bundan əvvəl 60 rus rublu 1 dollar idi. İndi 1 rubl 82 dollardır. İki ay bundan qabaq müqavilə bağlayıb bu gün ödəniş etmək olsaydı, sən niyə ziyana düşməlisən?".

 

 

Beynəlxalq iqtisadiyyat üzrə ekspert Orxan Bağırov dollardan imtinanın asan olmadığını düşünür:

 

"Bununla bağlı müzakirələr çox gedir. Neçə illərdir ki, belə xəbərləri eşidirik. Ancaq beynəlxalq maliyyə sistemi elə qurulub ki, burada dollardan böyük asılılıq var. Bu gün dollardan imtina etmək elə asan məsələ deyil. Burada yuanın dolları əvəz etməsindən söhbət gedir. Çin bunun üçün çalışır. Rusiyada da bununla bağlı fikir səsləndirilir. Onların əksəriyyətinin özlərinin valyuta ehtiyyatları belə əsasən dollardadır. Xarici aktivləri, dövlət borcları, istiqrazların böyük hissəsi dollarladır. Bütün bunların hamısını əvəz etmək üçün məqam yetişməyib".

 

Orxan Bağırov dollardan imtina mövzusunun daha çox Rusiya tərəfindən qabardıldığını vurğulayıb:

 

"Dollardan imtinaya vaxt lazımdır. Bu məsələlər daha çox Rusiya tərəfindən siyasi mesaj vermək məqsədilə istifadə olunur. Neftdən və qazdan başqa Rusiyanın idxal etdiyi digər məhsullar dollar və avro ilə alınır. Əgər avro və dollar yoxdursa, bu məhsulları necə alacaq? Əgər ölkənin ticarətinin əksər hissəsi Çinlə, yaxud yuanla olacaqsa, dollar və avro azala bilər. Çünki dollara elə də ehtiyac qalmayacaq. Ancaq yenə bu sıfırlanmayacaq".

 

Azərbaycana gəlincə, O.Bağırov deyib: "Ölkəmizin dollardan imtinası üçün səbəb yoxdur. Neft və qaz ixrac edirik, əvəzində dollarla valyuta rezervlərimizi formalaşdırıb həm ölkədə, həm də xaricdə saxlayırıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır