Modern.az

Bu yol şəhid evinə gedir...

Bu yol şəhid evinə gedir...

Mədəni̇yyət

13 Mart 2023, 18:24

Bu yol hərbi qulluqçumuz, şəhid gizir Vüqar Ələkbərovun doğulub boya-başa çatdığı evə aparır bizi. Kənd yolları kənd uşaqlarının ömür yolu kimi kələ-kötür, daşlı-qayalı olur, hamar olmur heç vaxt. Elə bu yola da çınqıl tökülmüşdü rahat olsun deyə. Bir anlıq mənə elə gəldi ki, üzü bu tərəfə gələnlərə yol göstərmək üçün kənd camaatının ilk sözü elə bu olur: Şəhid evinə gedən yola çatmamış…

Ölümündən sonra da yol göstərir, istiqamət verir şəhidlərimiz…

Bələdçimiz Ucar RPŞ-nin əməkdaşı idi. Şəhidimizin yol qırağındakı lövhədə vurulmuş şəklində gülümsəyən üzünə yaz günəşi düşdükcə mənə elə gəldi ki, şəkil indi hərəkətə gəlib yeriyəcək, evlərinə qədər yol yoldaşım olub döyüş yolunu danışacaq mənə. Və şəkilə baxa-baxa şəkil kimi oğulları əlimizdən alan müharibələrə lənət oxudum. Bir dəmir parçası bir insan ömrünü yarıda qoyursa, deməli, hələ bu dünyada günahkarlar çoxdur, deməli hələ özgə torpağına göz dikənlər, oğul analarının yuxusunu ərşə çəkənlər var.

Bizi Vuqarın qardaşı Xəyal qarşılayır. Ondan sonra bu evin böyük oğlu da, kiçiyi də odur. O, DİN Baş Mühafizə İdarəsinin Göyçay Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantıdır. Oğul itirən anaları tanımaq isə elə də çətin deyil. Saçları, gözləri danışır onların yerinə. Şaynat anamız dərdini səsinə büküb sanki. Sözünün əvvəli də oğuldur, sonu da.

Dərdin təzəsi, köhnəsi yoxdur və mən onlara qaysaq tutmayan oğul yarası ilə bağlı hansı sualla müraciət eləsəydim cavab eyni olacaqdı. Odur ki, gəlişimin səbəbini DİN Daxili Qoşunlarının yaranmasının növbəti ildönümü ilə əlaqələndirirəm. Həm də bu tarixi gündə bayraq oğulların əmanətləri ilə görüşmək adama təskinlik verir, qürurdan sinən qabarır. Xalq olaraq böyüklüyümüzü, millət olaraq əzəmətimizi hiss edirik.

“Sağ olsun, şöbənin rəisi, polis polkovniki Valik Vəlimatov və əməkdaşları. Elə bir əlamətdar gün olmaz ki, bizi yad etməsinlər. Bu gəldiyiniz yol da polisin köməyi ilə düzəlib. Payız aylarında, qışda çox əziyyət çəkirdik, gediş-gəliş çətin idi. İndi yol genişləndirilib. Yaxın günlərdə asvalt çəkiləcək”, -deyir Şaynat anamız.

Onlar üçün bir söz belə təsəllidir. Rayon rəhbərliyi də gözdən uzaq, könüldən qıraq qoymur. Məktəblərdə də şagirdlər Vətən andı içənlərin adlarını yaddaşlarına  həkk etməklə tariximizə sayğılarını nümayiş etdirirlər. Riyaziyyatı sevənlər üçün ən müqəddəs rəqəm 44-dür. Bəlkə də şəhid övladları beşdə-beşə layiq inşa yazılarına müəllimə dörddə-dörd yazmaları üçün israr edərlər. O dördlərdə onlar atalarının hayqırtısını, ölümün üstünə necə ürəklə getdiyini, son nəfəsdə Vətən deyib necə həyata, sevdiklərinə, övladlarına vida etməyini görərlər…

Şəhid ataları üçün ağlamaq acizlik deyil, mübarizədir, üsyandır həyata. O, itirsə də, Vətən qazandı deyə qədərə baş əyir Telman dayı: “Vüqar, hərbi ilə nəfəs alırdı. Kiçik yaşlarından hərbçi olmaq ən böyük arzusu idi. O, doğulanda torpaqlarımız işğal olunmuşdu. Biz şəhid ataları həm də ona görə qürur duyuruq ki, övladlarımız həsrəti onlardan böyük olan torpaqlarımızı işğaldan azad edib 21-ci əsrdə ən böyük möcüzəyə imza atdılar. Qalib Xalq, qalib Ordu, qalib Şəhid Atası olmaq dünyanın ən böyük sevincidir. Bizə bu sevinci balalarımız şəhidlik zirvəsinə ucalmaları ilə yaşatdılar. Balalarımız bizlərin başını uca elədi. Siz hardan baxsanız bizləri-şəhid atalarını, şəhid analarını həmişə görəcəksiniz”…

Düz deyir Telman əmi. Şəhid ataları, anaları həmişə seçilir. Onların saçları, gözləri, baxışları danışır adamla… 

Sözardı: Onlardan ayrılanda: “Burda bir qardaşının, bir əminin evi var. Ürəyin istəyəndə gəl, qonağımız ol”,-dedi Telman kişi. İndi bildim ki, Şəhid evlərinə gedən yollar ürəyimizin başından keçir. Gəlin, daşdan, çınqıldan təmizləyək, getmək, gəlmək çətin olmasın, çünki o yollar bizi ən müqəddəs ünvanlara aparır…

Azərbaycan Respublikası Prezidentinin 15 və  24 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir Ələkbərov Vüqar Telman oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
 

Hafiz Təmirov,
DİN Mətbuat Xidmətinin rəis müavini,
polis polkovnik-leytenantı

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır