Modern.az

Zərdabi yanıma gəlmişdi, qanını qaraldıb yola saldım...

Zərdabi yanıma gəlmişdi, qanını qaraldıb yola saldım...

Media

22 İyul 2024, 14:00

Qatı duman idi. Göz-gözü görmürdü. Zülmət qaranlıqda əvvəlcə bir işıq göründü. Sonra o işığın içərisindən yaşlı bir insan silueti mənə tərəf yaxınlaşmağa başladı. Başında buxara papaq, əlində əsa vardı. 150-dən çox yaşı olardı. Ağır yeriyirdi. Uzun ağ saqqalı vardı. Ağ saçları da papağın altından qıvrılıb çıxmışdı. Onu tam görməyə ehtiyac yox idi. Elə siluetindən tanımışdım. Həsən baba idi. 

Tez ayağa durdum, yaxınlaşıb əsa tutan əlindən öpüb gözümün üstünə qoydum. Qırış-qırış olan, titrəyən əlindən mürəkkəb qoxusu gəlirdi. Şıq geyinmişdi. Qamətini düz saxlamağa çalışırdı, baxışı vüqarlı idi. Amma siması çox solğun görünürdü, üzündə çoxsaylı suallar vardı. O sualları dilə gətirməyə ehtiyac yox idi, hamısını üzündən oxuyurdum. Amma Həsən baba həm soruşmaq, həm də eşitmək istəyirdi: 

- Salam oğlum! Burda niyə oturmusan? 

- Heç baba, elə belə... 

- Yox, elə-belə oturana oxşamırsan. Yenə nə olub?

- Saytdan xəbərimizi çıxarıblar. Mən də hamıdan küsmüşəm. İşdə dayana bilmədim, çıxdım ki havamı dəyişim. 

- Mətbuatda nə var, nə yox?

- 150 il əvvəl necə idi, indi də elədir. Forma olaraq dəyişiklik var. Ölkə dəyişib, vizual olaraq güllük-gülüstanlıqdır, amma təfəkkürümüz eyni qalıb baba. Səni niyə aldadım, 150 il əvvəl yazdığın yazılar, etdiyin gileylər bu gün də aktualdır. Həqiqət yenə də boynu bükükdür. İnsanlar yenə də özlərini düzəltmək əvəzinə güzgünü sındırmağa üstünlük verirlər. Güzgüdəki eybəcərliyi həzm edə bilmirlər, günahın hamısını o şüşə əşyada olduğunu düşünürlər. Hər kəs özünü haqlı bilir. Haqq isə hörmət görmədiyi yerdə qalmaq istəmir. İnsan da belədir baba. Harada ki, hörmət, ehtiram görmür, oradan qaçır. Bax, mən də qaçdım redaksiyadan. Ən azı sənin qədər gileyliyəm mən də. 

- Çətindir. İnsan dəyişmir demək ki. Mən elə bilirdim ki, 150 il sonra qayıtsam, tamam başqa düşüncə ilə qarşılaşa bilərəm.

- Yox, Baba. İndi dəyişikliyi xəyanət kimi qəbul edirlər. Hər kəsin öz həqiqəti var. 

- Bu gün bayram edirsiniz deyəsən...

- Hə. Sənin başladığın yolu elə sənin başladığın yerdə də saxlamışıq və bunu bayram edirik. Maraqlıdır, hə?

- Hər il məni yad etməniz əslində çox xoşuma gəlir. Amma dediklərin üzdü məni. Yaxşı, bəs bayramda nə edirsiniz, kimlər qeyd edir bu günü?

- Eh, ay baba. Onların arasında elələri var ki, Həsən bəy Zərdabi deyəndə elə bilirlər bu ancaq küçə adıdır. “Əkinçi” qəzetindən peyin iyi gəlir” deyənlər sənin haqqında tost qaldırır. Ömrü boyu iki cümlə yazmayanlar media rəhbəri olur. İndi mətbuat biznesdir baba. Mətbuat maarifçilik missiyasını çoxdan itirib. Adını xəbərçilik qoymuşuq. Amma heç normal xəbərçi də deyilik. Nəsə biz tamam başqa bir şeyik.

- Bəs camaat nə deyir?

- Sizin vaxtınızda nə deyirdilərsə, elə indi də onu deyirlər. Yəni heç nə demirlər.

- Bizi geri çəkən biganəlikdir.

- İnamsızlıqdır. Əslində, deyəsən, bu heç bizi maraqlandırmır da.  İnsan hissizləşəndə belə olur. Biz hadisələrə reaksiya hissimizi itirmişik. 

- Bəs nə etməyi düşünürlər?

- Heç nə. Bizim üçün vacib olan bu gündür. Sabah nə olacaqsa, onu sabah düşünəcəyik. 

Həsən baba mat-məəttəl üzümə baxdı. Susurdu. Amma mən onun bu susqunluğunun səsini eşidirdim. Üzünü bir az yerə, bir az göyə, sonra da mənə tutdu:

- Qayıt get işinə. Burda sənə soyuq olar. 

Mən indi hiss etdim ki, üşüyürəm. Yayın cırhacırında, iyulun 22-də bu nə titrəmə idi mənə gəlmişdi, bilmədim.

Həsən baba üzünü çevirib gəldiyi kimi də getdi və dumanda yox oldu. Əslində, tam olaraq gəldiyi kimi getmədi. Qayıdanda düz qamətinin xeyli əyildiyini hiss etdim. Gedərkən özü ilə gətirdiyi işığı da apardı.

Mən redaksiyaya qayıtdım. İş yoldaşlarım kondisioneri ən aşağı dərəcəyə endirib işləyirdi. Heç biri üşümürdü...
 

Elnur Məmmədli 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri