Modern.az

Kəlbəcər daha Azərbaycanın ən böyük rayonu olmayacaq - SƏBƏB

Kəlbəcər daha Azərbaycanın ən böyük rayonu olmayacaq - SƏBƏB

Ölkə

24 Noyabr 2023, 15:53

İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra azad edilən ərazilərin inzibati-ərazi quruluşunda dəyişiklik edilməsi planlaşdırılır. Bununla bağlı Milli Məclisə qanun layihələri daxil olub.

 

Həmçinin, 1992-ci ildə ləğv edilən Ağdərə rayonunun yenidən bərpa edilməsi nəzərdə tutulub. Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq. Rayonun tərkibində daxil ediləcək kəndlər aşağıdakılardır:

 

Ağdam rayonunun Baş Güneypəyə, Xatınbəyli, Məlikli, Qazançı, Orta Güneypəyə kəndi, Sırxavənd, Ballıqaya, Bəşirlər, Qaraşlar, Yeni Qaralar kəndləri.

 

Tərtər rayonunun Ağdərə şəhəri, Ağabəyli, Canyataq, Gülyataq, Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Həsənqaya, Çiləbürt, Göyarx, Maralyansarov, Kiçik Qarabəy, Qızıloba, Seysulan, Yarımca, Aşağı Ortatağ, Qasapet, Dəmirli, Talış, Ulu Qarabəy kəndi, Umudlu və Zəylik kəndləri, Şıxarx qəsəbəsi.

 

Kəlbəcər rayonunun Çərəktar, Çıldıran, Dəvədaşı, Mehmana, Dovşanlı, Bazarkənd, Hayad, Heyvalı, Yayıcı, Həsənriz, İmarət Qərvənd, Çapar, Zardaxaç, Kolatağ, Damğalı, Qızılqaya, Yuxarı Ortatağ, Qozlu, Qozlukörpü, Narınclar, Vəngli, Çormanlı və Şahmansurlu kəndləri.

 

Qeyd edək ki, yeni yaradılacaq Ağdərə rayonun tərkibinə daxil edilən kəndlər 1992-ci ildə ləğv edilərkən rayonun tərkibindəki həmin kəndlərdir. Kəndlərdən bir çoxunun adı dəyişdirilib. Məsələn, Ağdərə ləğv edilərkən Qoçoqot adlanan kəndi Kəlbəcərə verilib və adı Yayıcı olaraq dəyişdirilib.

 

Beləliklə, yeni qanunla Kəlbəcər rayonun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə veriləcək və yeni rayonun ərazisi 1 660,83 kvadrat kilometr olacaq.

 

Modern.az xatırladır ki, Kələbəcər hazırda ərazisinə görə Azərbaycanın ən böyük rayonudur.

 

3050 kvadrat kilometr ərazisi olan rayonun tərkibində 150-yə yaxın yaşayış məntəqəsi var. Ərazisinə görə, ikinci ən böyük rayon Qubadır. Bu rayonun ərazisi isə 2610 kvadrat kilometrdir.

 

Beləlikə, yeni qanun layihəsinin qəbul edilməsindən sonra Kəlbəcər rayonunun ərzisi 2314 kvadrat kilometr olacaq və Azərbaycanın ən böyük rayonu statusunu itirəcək. Qanun layihəsi təsdiq edildikdən sonra Azərbaycanın ən böyük rayonu Quba olacaq.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi