Modern.az

Ölkəmizdə indiyədək keçirilən növbədənkənar SEÇKİLƏR

Ölkəmizdə indiyədək keçirilən növbədənkənar SEÇKİLƏR

Ölkə

7 Dekabr 2023, 12:58

Azərbaycanda gələn il növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Seçkilər fevralın 7-nə təyin edilib. 

 

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci ildə keçirilib.

 

Modern.az Azərbaycanda indiyədək keçirilən növbədənkənar seçkiləri araşdırıb.

 

Azərbaycanda indiyədək 8 prezident, 6 parlament, 5 bələdiyyə seçkiləri keçirilib. Bu seçkilərdən əksəriyyəti adi qaydada, bir neçəsi isə növbədənkənar olub.

 

1992-ci ilin mart ayında kütləvi etirazlaran sonra rəsmi şəkildə prezident postundan istefa etdiyini açıqlayan Ayaz Mütəllibov may ayında yenidən bu vəzifəyə qayıtdığını elan etsə də, növbəti belə etirazlardan sonra vəzifəsini və ölkəni tərk etmək məcburiyyətində qaldı. Bundan sonra parlament çoxluğu iyun ayının 7-də prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul etdi. Beş namizədin iştirak etdiyi seçkilərdə Xalq Cəbhəsinin lideri Ə.Elçibəy 60.6% səslə qalib gəldi. Onun rəqibi N.Süleymanov isə 33% səs toplamışdı (Digər namizədlər Y.Məmmədov, İ.İsmayılov, R.Turabxanlı idi). Rəsmi nəticələrə görə, seçici aktivliyi 76.3% idi.

 

 

1993-cü ilin iyun ayında Ə.Elçibəy Bakını tərk edərək Kələkiyə getdi və avqustda keçirilən referendumda xalq tərəfindən ona etimadsızlıq göstərildi. Bundan sonra, oktyabrın 3-nə prezident seçkiləri təyin olundu. Seçkilərdə parlamentin sədri Heydər Əliyev, siyasi dairələrdə çox az tanınan Karrar Əbilov və biznesmen Zakir Tağıyev namizədliyini irəli sürmüşdü. Rekord həddə - 97,6% seçici fəallığının olduğu bu seçkilərdə H.Əliyev 98.8% səs toplayaraq prezident seçilmişdi.

 

Prezident İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycana növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı. Seçkilərdə 8 namizəd iştirak edib. Prezident İlham Əliyev 86,02% səs çoxluğu ilə qalib olub.

 

Azərbaycanda sonuncu növbədənkənar seçkilər isə parlament seçkiləri olub. Azərbaycan Prezidenti İlham Əliyevin 05.12.2019-cu il tarixli Sərəncamı ilə Azərbaycanda Parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edildi. Seçkilərində iştirak etmək üçün rekord sayda 2431 nəfər müraciət edib. Yenə rekord sayda, 1637 nəfər namizəd qeydə alınıb, lakin yanvarın 31-dək olan dövrdə onlardan 312-si namizədliyini geri götürüb.

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi