Modern.az

Kimlər 40 min imzanı toplaya bilmədi? - 10 nəfər seçkidən kənarda qaldı

Kimlər 40 min imzanı toplaya bilmədi? - 10 nəfər seçkidən kənarda qaldı

Ölkə

9 Yanvar 2024, 11:28

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiq olunan təqvim planına görə, namizədliyin irəli sürülmə mərhələsi 2023-cü ilin 19 dekabr tarixində başlayıb, 2024-cü il yanvarın 8-i axşam saat 18:00-dək davam edib. MSK-dan verilən son məlumata görə, hələlik ümumilikdə 17 nəfərin namizədliyini irəli sürməsi təsdiqlənib.

 

Məlumat üçün bildirək ki, 7 nəfər imza vərəqələrini geri qaytarıb, onlardan 3-nün - Prezident İlham Əliyevin, deputatlar Zahid Oruc və Razi Nurullayevin namizədliyi qeydə alınıb. Digər şəxslərin namizədliyi ilə məsələyə tezliklə baxılacaq.

 

Bəs kimlər 40 min imzanı toplaya bilməyib?

 

Modern.az prezidentliyə namizədliynin irəli sürülməsi təsdiq olunan şəxslər arasında sorğu keçirib.

Saytımıza açıqlamasında namizədliyi özü tərəfindən irəli sürülən Yusif Bağırzadə 40 min imza toplaya bilmədiyini söyləyib:

 

"Xeyli sayda  səs toplasamda, 40 min imzanı yığa bilmədim. Lakin kifayət qədər təcrübə topladım. Mən və komandam gələcəkdə bu təcrübədən istifadə edəcəyik.Hələ imzalar rayonlardan gəlir. Söhbət 60-dan çox dairədən gedir. Ona görə də, hələlik dəqiq nəsə deyə bilmərəm. İmzalar bir ucdan gəlir. Lakin 40 min imza olmadığı dəqiqdir. Namizədliyi qeydə alınanlara uğurlar arzulayıram".

Digər namizədliyini irəli sürməsi təsdiqlənmiş şəxs Abutalıb Səmədov da  40 min imzanı çatdıra bilmədiyini bildirib.

 

"Sözün düzü çatdıra bilmədik. Seçkilərin gedişi də bizi ruhdan saldı. Müxalifətin seçkilərə qoşulmaması bizim tərəfdarlarımızı həvəsdən saldı. Ümid edirdik ki, seçkilərdə onlarla normal debat ola bilər. Daim debatdan qaçırlar. Heç biri seçkiyə girmədi. Prosesi də biraz gec götürdüyümüzə görə imzaları çatdıra bilmədik",-o deyib.

 

40 min imzanı toplaya bilməyənlər arasında sabiq maliyyə naziri Fikrət Yusifov da var.

 

"Cari ilin fevral ayının 7-də keçiriləcək prezident seçkilərində iştirak etmək məqsədilə keçən ilin dekabr ayının 23-də Mərkəzi Seçki Komissiyasına namizədliyimin təsdiq olunması üçün tələb olunan sənədləri təqdim etmişdim. Deməliyəm ki, sənədlərin təqdimatı prossesində biz heç bir maneəyə rast gəlmədik. Mərkəzi Seçki Komissiyası dekabr ayının 26-da mənim namizədliyimin təsdiq olunmasına dair qərar qəbul etdi. Bir gün sonra, yəni dekabr ayının 27-də isə seçkidə iştirak etmək üçün qanunla tələb olunan sayda imzanın toplanması məqsədilə bizə imza vərəqələri verildi və ölkənin regionları üzrə təyin etdiyimiz təşəbbüs qrupları 60 seçki dairəsindən imza toplamaq üçün hərəkətə keçdi.   Lakin təəssüf ki, lazım olun sayda imza toplaya bilmədik. Bu səbəbdən imza toplama müddətinin başa çatdığı vaxtda imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edə bilmədik",-saytımıza açıqlamasında F.Yusifov deyib.

 

O, buna baxmayaraq yaxşı təcrübə topladıqlarını bildirib:

 

"Qeyd etməliyəm ki, seçkidə iştirak üçün lazım olan sayda imzaları toplaya bilməsək də bütövlükdə seçkilər üçün imza toplama prossesində yaxşı təcrübə qazandıq. Hesab edirəm bu təcrübə bizə gələcək seçkilərdə lazım olacaq".

 

Namizədliyinin irəli sürülməsi təsdiq edilən Yunus Oğuz, Namizəd Səfərov, Mətləb Mütəllimli, Sərvan Kərimov, Abdulkərimov Arzuman, Qulamhüseyn Əlibəyli, Əvəz Temirxan da namizədlik üçün 40 min imza toplaya bilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək