Modern.az

“Türkiyədə Qərbi Azərbaycan izləri” sənədli filmi təqdim olundu - FOTOLAR

“Türkiyədə Qərbi Azərbaycan izləri” sənədli filmi təqdim olundu - FOTOLAR

Qərbi Azərbaycan

15 Fevral 2024, 16:58

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə  Qərbi Azərbaycan Türklərindən və onların yurd həsrətindən  bəhs edən “Türkiyədə Qərbi Azərbaycan izləri” sənədli filmin təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, “World Business Center”də baş tutan təqdimat mərasimində millət vəkilləri, QHT, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə öncəliklə Azərbaycan himni səsləndirilib, daha sonra  şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natavan Abbaslı ekran işinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Gənclər Fonduna təşəkkürünü bildirib.

Birlik sədri filmdən bəhs edib:

 

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmriylə gerçəkləşən Qarabağ Zəfəri hər birimizin içindəki Qərbi Azərbaycan atəşini yenidən alovlandırdı. Bizim yenidən Rəvandan Zəngəzura qədər o torpaqlara qayıda biləcəyimiz ümidini oyandırdı ki, xəyalı belə gözəldir. Və biz artıq o xəyalın gerçək olacağına inanırıq. Filmimiz də bu həsrətdən bəhs edir”.

Layihə rəhbəri Aqil Ələsgər filmlə  bağlı fikirlərini bölüşüb:

 

“Cənab Prezident, Müzəffər Ali  Baş Komandanın 30 illik  Qarabağ həsrətinə son verməsi Azərbaycan xalqının qələbə ruhunu özünə qaytardı. Bu zəfər bizim üçün digər zəfərlərin də mündəricatı sayıla bilər.  Hesab edirik ki, öz dədə-baba torpaqlarımızda qədim Azərbaycan torpaqlarını birləşdirmək, o torpaqlara qayıtmaq bizim ən təbii haqqımızdır. Bu baxımdan İrəvan, Göyçə, Zəngəzur bizim üçün bir xəyal deyil, bir hədəfdir. Hesab edirik ki,  filmdə bu yurd həsrəti ilə dünyasını dəyişən, harada olmalarından asılı olmayaraq məzarları qədim Qərbi Azərbaycan torpaqlarına tərəf basdırılan insanların həyatından bəhs edir. Bu filmdə Türkiyədə yaşayan, orada Cümhuriyyətin qurulmasında və inkişafında xidmətləri olan Azərbaycanlılarla bağlı  məlumatlara yer vermişik. Onların cəmiyyətdə tanınması üçün bu işi həyata keçirmişik… Çünki bu insanlar həm Qurtuluş savaşında qəhrəmanlıq göstərən, həm də cümhuriyyətin təməllərini Mustafa Kamalla birgə atan insanlardır”.

 

Daha sonra film nümayiş olunub. Nümayişdən sonra ekran işi barədə fikirlər səsləndirilib.

Tədbirdə iştirak edən  Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov filmlə bağlı təəssüratlarını bölüşüb:

 

“Tarixi faktlara əsaslanan və gələcəkdə Türk dünyasında akademik araşdırma  kimi istinad mənbəyi olan bir sənədli filmin nümayişini izlədik. Qürürverici haldır ki,  Azərbaycan Gənclər Fondu bu layihənin ərsəyə gəlməsi üçün “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinə maliyyə vəsaiti ayırıb. Sevindirici haldır ki,  tamaşaçılar arasında gənclər üstünlük təşkil edir”.

Millət vəkili Hikmət Babaoğlu belə bir sənədli filmin ərsəyə gəlməsində layihə rəhbərinə minnətdarlığını ifadə edib:

 

“Allaha şükürlər olsun ki Azərbaycan Prezidenti və dəmir yumruq sayəsində qaçhaqaçdan da,  qaçqınlıqdan da qurtulduq, indi köç geri qayıdır. Azərbaycan Prezidenti andiçmə mərasimindəki çıxışında tarixi mesajlar verdi. Cənab Prezident çıxışının sonunda belə bir fikir səsləndirdi ki, bizim ailəmiz türk dünyasıdır. Bu gün Qərbi azərbaycanlılar Türk dünyasının müxtəlif  bölgələrinə səpələniblər. Elə iki babamdan biri Qazaxstana sürgün olunub. Sonra 1952-ci ildə kəndimizə qayıdıb”.

Millət vəkili Naqif Həmzə filmlə bağlı fikirlərini səsləndirib:

“Bu gün həqiqətən də tarixi günlər yaşayırıq. Ard-arda sevindirici xəbərlər alırıq. Bu, da  bizim 44 günlük Vətən savaşından sonra qazandığımız zəfərlə əlaqədardır.  Zəfər zəfər gətirir. Bu gün artıq Qərbi Azərbaycana getməyin yollarını axtarırıq. Özü də döyüşərək yox, sülh yolu ilə. Aqil Ələsgərə və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin bütün komandasına , Gənclər Fonduna təşəkkürümü bildirirəm ki, Qərbi Azərbaycanlıarın məhz  Türkiyədə araşdırılmasına dair belə bir film ərsəyə gətiriblər”.

Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı qeyd edib ki, “Belə layihələri maliyyələşdirdiyinə görə Gənclər Fonduna təşəkkürümü bildirirəm. Mən də filmdə sözümü demişəm. Bu mövzu çox önəmli mövzudur.  Uzun müddət bu mövzuya müraciət olunmayıb. Prezident İlham Əliyevin Qərbi Azərbaycanlılara ayırdığı diqqətdən sonra Azərbaycanın ictimai, siyasi həyatında araşdırılmalar başlandı və bu mövzuya çox  ciddi şəkildə diqqət ayrıldı. Bu faciələr bizim faciəmizdir, bunuunutdurmamalıyıq”.

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqarlı filmin əhəmiyyətini yüksək dəyərləndirib: “Bir filmin ərsəyə gətirilməsi çox böyük əziyyət tələb edir. Biz 30 il ərzində necə ki, hər birimiz Qarabağlı olduq, indi də hər birimiz Qərbi Azərbayacanlıyıq”.

Sonda xatirə şəkili çəkilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!